Azərbaycan, Bakı, 14 noyabr /Trend, müxbir İlkin İzzət/
"Danışırlar, amma hüquqi cəhətdən əsaslandırmaları yoxdur". Bunu Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyi rəsmilərinin parkomatlarla bağlı ittihamlarına cavab olaraq Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin (XTAİ) rəisi Həsən Abdullayev deyib.
İdarə rəisi bildirib ki, Nəqliyyat Nazirliyinə tabe qurumların nümayəndələrinin onların ünvanına səsləndirdikləri paytaxtda ödənişli müvəqqəti duracaqlarda quraşdırılan parkomatların nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməsi, taksilərə parklanmaya imkan verilməməsi, parkomatlarla avtobus dayanacaqları arasında məsafənin az qoyulması kimi ittihamları qəbul etmir: "Danışırlar e, amma hüquqi cəhətdən əsaslandırmaları yoxdur. Hamının fikir söyləməyə hüququ var. Amma sözü deyəndə fikirləşmək lazımdır. Axı parkomatın onlara nə aidiyyəti var? Gəlin, çıxaq şəhərə, görək taksilər harada dayanır? Taksilərin əksəriyyəti onlar üçün yol nişanı olmayan yerlərdə dayanırlar. Axı taksi hər yerdə dayana bilməz. Heç 800 metr uzunluğunda da taksi ərazisi olar? Görmüşük ki, taksi ərazisində 7-8 avtomobil olar, çox olmaz ki. Hətta taksilərin saxladığı yerlər parkomatın quraşdırıldığı əraziyə düşəndə də biz taksi nişanına kimi məsafədə onlardan ödəniş götürmürük".
Avtobus dayanacaqlarına gəlincə, H.Abdullayev qeyd edib ki, onlara yaxın ərazilərdə parkomatlar yoxdur: "Bir-iki mübahisə doğuran yer ola bilər ki, o da müzakirə oluna bilər. Qanunvericilikdə göstərilir, avtobus dayanacaqları yalnız avtobuslar və ictimai nəqliyyat vasitələri üçün nəzərdə tutulub. Təbii ki, parkomat qanundan daha üstün ola bilməz. Əgər avtobus dayanacaqları parkomatların quraşdırıldığı ərazidə yerləşirsə, bu zaman parkomatlarla bağlı qaydalar yox, "Yol hərəkəti haqqında" Qanunun müddəaları əsas götürülür. Qanunu bilməmək isə avtomobil sahiblərini və sürücüləri məsuliyyətdən azad etmir. Əgər sürücü parkomatda pul ödəyib, sonra avtomobilini avtobus dayanacağında saxlayırsa, bunun bizə nə aidiyyəti var? Təbii ki, dövlət yol polisi gəlib onu cərimə edəcək. İnsanlar qanunu bilməlidirlər. Sürücü avtomobili səkidə və yolun ikinci cərgəsində də saxlayıb gedib parkomatda ödəniş edərək çek götürə bilər, amma bu, onu məsuliyyətdən azad etmir axı".
XTAİ-nin rəisi parkomatların ərazilərdə quraşdırılması meyarlarını da açıqlayıb: "Bəziləri deyirlər ki, məhəllələrdə də gətirib parkomat quraşdırıblar. Onların məhəllə dedikləri yerlər əslində ikinci və ya üçüncü dərəcəli yollardır. Birinci dərəcəli yollar yol arteriyaları hesab olunur və biz orada təbii ki, parkomat quraşdırırq. İkinci və üçüncü dərəcəli yollarda isə harada avtomobil sıxlığı müşahidə edilirsə, yalnız orada parkomat quraşdırılır. Axı bu vaxta kimi heç kimin həyətində parkomat quraşdırılmayıb. Biz ara küçələrdə, məsələn, Mərkəzi Univermağın yanındakı küçələrdə də parkomatlar quraşdırmışıq və orada yaşayan sakinlərə aylıq 15 manatlıq kartların alınmasını və avtomobillərini Füzuli meydanındakı yeraltı qarajda saxlamalarını təklif etmişik. Onların da çoxu gətirib saxlayır və heç bir problem də olmur. Bundan başqa, metronun "Xətai" stansiyasının arxasındakı yolda əvvəllər 2-3 cərgədə avtomobil saxlayır, süni sıxlıq və tıxac yaradırdılar. Parkomat quraşdırıldıqdan sonra indi avtomobilləri səliqə ilə yolun kənarında bir cərgədə saxlayırlar".
H.Abdullayev yol kənarlarında avtomobil sıxlığının yaranmasında yaşayış binalarını inşa edən iş adamlarının da "rolu" olduğunu deyib: "Binalar tikirlər. Bina sahibləri hətta balkonları da yaşayış sahəsinə daxil edib onun üçün ödəniş hesablayırlar. Amma orada yaşayan sakinlər üçün yeraltı avtomobil dayanacağı tikmirlər. Onda sürücülər də avtomobilləri yol kənarlarında saxlamağa məcbur olurlar. Nəticədə isə yollarda sıxlıq yaranır".