...

Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə tapşırıqlar verdi

Cəmiyyət Materials 1 Dekabr 2014 15:14 (UTC +04:00)
Bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yanında müşavirə keçirilib.
Əli Həsənov tikinti şirkətlərinin rəhbərlərinə tapşırıqlar verdi

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun yanında müşavirə keçirilib.

Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Prezidentinin sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəratinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na və ona edilmiş əlavələrə uyğun olaraq, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə cari ildə respublikamızın müxtəlif ərazilərində salınan yeni qəsəbələrin inşasına cəlb edilmiş tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibdə keçirilən müşavirədə qeyd olunub ki, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində cari ildə də işlər uğurla davam etdirilib, indiyədək ağır şəraitdə yaşayan yüzlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.

Təkcə onu qeyd edək ki, bu günlərdə Ağdam rayonu ərazisində 632 ailəlik, Hacıqabul rayonu ərazisində 101 ailəlik qəsəbələrə köçürülmə başa çatdırılıb, Beyləqan rayonu ərazisindəki 320 ailəlik qəsəbəyə isə artıq köçürülmə başlanılıb. Eyni zamanda, Gəncədə 600 ailəlik qəsəbə bütün sosial-texniki infrastrukturu ilə birlikdə istifadəyə verilib ki, yaxın vaxtlarda bu qəsəbəyə də köçürmə işlərinə başlanılacaq. Digər bölgələrdə istifadəsi cari ildə nəzərdə tutulmuş qəsəbələrin inşasında da işlər uğurla davam etdirilir və işlərin vaxtında başa çatdırılması üçün müvafiq tədbirlər görülür.

Belə ki, Mingəçevir şəhərində məskunlaşmış məcburi köçkün ailələri üçün bu şəhərin ərazisində 12 ha sahədə inşa olunan hər biri 54 mənzilli, 11 ədəd 9 mərtəbəli yaşayış binalarından ibarət məhəllədə də işlər sürətlə davam etdirilir və 594 ailəlik bu məhəllənin də vaxtında və yüksək keyfiyyətlə təhvil verilməsi, məhəllənin inşasında heç bir geriləmə işlərinə yol verilməməsi, qarşıya qoyulan vəzifələrin vaxtında başa çatdırılması məqsədilə keçirilən müşavirədə Baş nazirin müavini Ə.Həsənov indiyədək görülən işləri və qarşıda duran vəzifələri təhlil edərək burada inşaat işləri aparan tikinti şirkətləri rəhbərlərinin fikirlərini dinləyərək bütün bunlarla bağlı onlara konkret tapşırıqlarını verib.

İnşasına bu ilin mayında başlanan məhəllədəki inşaat işlərinin gedişində heç bir problem yaşanmadığını, istənilən qədər texnika, işçi qüvvəsi, tikinti materialları olduğunu bildirən, ayrı-ayrılıqda istər yaşayış binalarının, istərsə də bu məhəllədə inşa olunan 480 şagird yerlik məktəb binasının, 140 yerlik uşaq bağçasının, həmçinin tibb məntəqəsi, ATS binası, klub-icma mərkəzi və digər sosial obyektlərin, istərsə də daxili elektrik xətləri, su, kanalizasiya xətləri, qızdırıcı sistem və digər texniki infrastrukturların inşasını həyata keçirən tikinti təşkilatlarının rəhbərləri müşavirədə hesabat xarakterli məlumat verərək bildiriblər ki, onlar məsul olduqları sahələrdə işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün bütün imkanlardan istifadə edəcəklər.

Müşavirənin sonunda Baş nazirin müavini bir daha vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti və qayğısı ilə hər il minlərlə məcburi köçkün ailəsinin mənzil-məişət şəraiti yaxşılaşdırılır.

Bütün bunların bariz nümunəsinin göz önündə olduğunu diqqətə çatdıran Ə.Həsənov qeyd edib ki, məcburi köçkünlərin məskunlaşdırılması Azərbaycan dövlətinin qarşısında duran prioritet məsələlərdən biridir: "Ona görə də cənab Prezident qaçqınların və məcburi köçkünlərin problemlərini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə qarşıya konkret vəzifələr qoyub. Bu vəzifələrin yüksək səviyyədə həlli istiqamətində Prezident İlham Əliyevin müəyyən etdiyi strategiya, həmçinin dövlətimizin başçısının qaçqınlara və məcburi köçkünlərə diqqət və qayğısından irəli gələn tapşırıqlar vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti