...

"Polis əməkdaşının prinsipiallığı redaktoru yalana və böhtan atmağa vadar etdi"

Cəmiyyət Materials 11 Dekabr 2014 18:11 (UTC +04:00)
Post-patrul xidməti əməkdaşlarının Yol-patrul xidməti (YPX) inspektorlarının funksiyalarını həyata keçirərək yeraltı keçiddən istifadə etməyən piyadalara qarşı cərimə tətbiq edə bilməmələri haqqında səslənən fikirlərin heç bir hüquqi əsası yoxdur.
"Polis əməkdaşının prinsipiallığı redaktoru yalana və böhtan atmağa vadar etdi"

Azərbaycan, Bakı, 11 dekabr /Trend/

Post-patrul xidməti əməkdaşlarının Yol-patrul xidməti (YPX) inspektorlarının funksiyalarını həyata keçirərək yeraltı keçiddən istifadə etməyən piyadalara qarşı cərimə tətbiq edə bilməmələri haqqında səslənən fikirlərin heç bir hüquqi əsası yoxdur. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə polis-vətəndaş münasibətlərinin guya pisləşməsi mövzusunda qarayaxma kampaniyası aparan bəzi maraqlı qüvvələr və onların ixtiyarındakı KİV-lərin yaydığı məlumatı şərh edərkən deyib.

O, qeyd edib: "Son vaxtlar polis-vətəndaş münasibətlərinin guya pisləşməsi mövzusunda qarayaxma kampaniyası aparan bəzi maraqlı qüvvələr və onların ixtiyarındakı bəlli KİV-lərin sırasını
sırasını qapadan, oxucular tərəfindən adı ya indilərdə eşidilən, ya da ümumiyyətlə, eşidilməyən saytlardan birinin baş redaktoru ötən günlərin birində paytaxtın mərkəzində, H.Aslanov küçəsi ilə Bülbül prospektinin kəsişməsindəki yolu piyadalar üçün qadağan olunmuş yerdən keçmək istəyərkən, həmin ərazidə xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı tərəfindən saxlanılıb".

O.Mansurzadə bildirib ki, əməkdaş yol hərəkəti qaydalarını pozduğunu, buna görə də məsuliyyətə cəlb olunduğunu və qanunvericiliyin tələblərinə əsasən müvafiq qaydada protokol tərtib ediləcəyini jurnalistin diqqətinə çatdırıb. Protokolu tərtib etdikdən sonra baş redaktor da sənədi imzlayaraq inzibati xəta törətdiyini təsdiqləyib: "Gözləmək olardı ki, hüquq pozuntusuna yol vermiş sayt rəhbəri hər bir qanunsevər, vicdanlı vətəndaş kimi polis əməkdaşının prinsipiallığını, xidməti borca sədaqətini, bir çoxları kimi, onun özünün təhlükəsizliyinə bilavasitə xidmət edən bu addımı təqdir edəcək. Lakin əfsuslar olsun ki, bunun qarşılığında jurnalist etikasını, peşə davranışı qaydalarını qaydalarını, kütləvi informasiya azadlığı haqqında qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq qanuni vəzifə borcunu yerinə yetirən polis əməkdaşının fəaliyyətinə müdaxilə etməsi azmış kimi, üstəlik, qəsdən, yəni yalan olduğunu bilərək adıçəkilən qanun keşikçisi barəsində şərəf və ləyaqəti ləkələyən, onu nüfuzdan salan məlumatlar yayıb, əsassız olaraq sonuncunu guya vətəndaşlardan pul almaq müqabilində onları inzibati məsuliyyətdən azad etmək cəhdində ittiham edib".

Onun sözlərinə görə, "adımı sənə qoyum, səni də yana-yana" prinsipi ilə hərəkət edən həmin yazar özünün rastlaşdığı, barəsində qanuni ölçü götürüldüyü hadisənin mahiyyətini təhrif edərək rəhbəri olduğu saytda böhtan, şantaj və polisin fəaliyyətinə yersiz müdaxilə kimi qiymətləndiriləcək material yerləşdirib: "Ucuz şöhrət, sensassiya dalınca qaçan bəzi xəbər portalları da məna və məğzinə varmadan həmin dezinformasiyanı tirajlayb, bununla da adını çəkib reklam etmək istəmədiyimiz saytla və onun redaktoru ilə günah ortağına çevriliblər. Görünür, öz prinsipiallığı ilə məlum sayt rəhbərinə necə möhkəm yer edibsə, adam polis serjantını hüquqi cəhətdən "tərksilah" etməyə çalışaraq, onun xeyirxah məqsədə xidmət edən əməlini "qanunvericiliyə zidd formada həyata keçirməkdə" günahlandırır, polis nəfərlərinin vətəndaşları inzibati məsuliyyətə cəlb etmək səlahiyyətlərinin olmadığı fikrini "əsaslandırmaq" üçün Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2007-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı"nı da öz dayaz və primitiv baxış bucağından şərh edib. Polisin fəaliyyətini tənzimləyən qanunvericiliyi özünə sərf edən halda dəyərləndirən, üzərinə inzibati hüquqdan hamıya dərs keçmək kimi çətin "yük" götürən bu hüquq "bilicisi"nin nəzərinə çatdırmaq yerinə düşərdi ki, polis əməkdaşına iftira atdığı həmin yazısı ilə o, polis, KİV haqqında və cinayət qanunvericiliyinin bir sıra tələblərini kobud şəkildə pozub".

DİN rəsmisi bildirib ki, vətəndaşları yol hərəkəti qaydalarını pozmamağa, qanunvericiliyin və polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməyə, bununla da həm özlərinin, həm də digər vətəndaşların təhlükəsizliklərinin qorunmasına dəvət etmək əvəzinə öz cılız şəxsi maraqlarının əsirinə çevrilib, böhtan atmaq və şantaj yolunu tutaraq polis nəfərindən guya hayıf çıxmaq yolunu tutub: "Daha sonra İnzibati Xətalar Məcəlləsinə "baş vuran" bu cığal və hikkəli jurnalist onu özünəməxsus şəkildə "təfsir" edərək belə qənaətə gəlib ki, "yeraltı keçiddən keçməməyə görə cərimə ərazi polis idarələrinin əməkdaşları tərəfindən tətbiq oluna bilməz". İnzibati hüquqla bərabər, yol hərəkətinin təhlükəsizliyi sahəsinin də "bilicisi" olan bu şəxs, ümumilikdə, qəza hadisələrinin təxminən yarısının piyadaların vurulmasının payına düşdüyünü yəqin ki, bilir".

O.Mansurzadə qeyd edib ki, çoxsaylı insan tələfatı hallarının, həmçinin piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısını almaq məqsədilə daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2012-ci il dekabr ayının sonlarında paytaxtın 6 rayonunun, o cümlədən Nəsimi RPİ-nin PPX əməkdaşlarına yol-patrul xidməti inspektorlarının səlahiyyətlərinin müvəqqəti həyata keçirilməsi hüququnun verilməsi və onların aidiyyəti idarələrin DYPŞ-lərinə ezam olunmaları barədə əmr imzalayıb: "Ona görə də post-patrul xidməti əməkdaşlarının YPX inspektorlarının funksiyalarını həyata keçirərək yeraltı keçiddən istifadə etməyən piyadalara qarşı cərimə tətbiq edə bilməmələri haqqında səslənmiş fikirlərin heç bir hüquqi əsası yoxdur.
Əksinə, iki il öncə atılmış məhz belə qabaqlayıcı addım sayəsində sözügedən əməkdaşlar tərəfindən analoji qayda pozuntusuna dair 200 mindən çox inzibati protokol tərtib olunub, piyadaların vurulması ilə nəticələnmiş yol-nəqliyyat hadisələrinin, bu zaman ölən və yaralananların sayı əvvəlki illərlə müqayisədə bir qədər də azalıb. Sayt rəhbərinin Nəsimi RPİ PPX-nın polis nəfərini təmənna güdməkdə ittiham etməsinə gəldikdə isə qeyd edilməlidir ki, ictimaiyyətlə, vətəndaşlarla ən çox təmasda, eyni zamanda, daim diqqət mərkəzində və nəzarətdə olan bir xidmət olaraq, konkret halda, şəhərin mərkəzində, H.Aslanov küçəsi ilə Bülbül prospektinin kəsişməsində, nəqliyyatın, əhalinin ən gur yerlərindən birində inzibati məsuliyyətdən azad etmək əvəzində polis nəfərinin vətəndaşla şəxsi maraq müqabilində sövdələşməsi praktiki cəhətdən də mümkünsüzdür. Görünür, asayiş keşikçiləri ilə vətəndaşlar arasında mübahisə yaranmasından bəhs edərkən, redaktor polis əməkdaşı ilə höcətləşməsini nəzərdə tutub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti