...

Dillər Universitetində maliyyə pozuntularında təqsirli bilinənlərə hökm oxundu

Cəmiyyət Materials 9 Yanvar 2015 12:48 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dillər Universitetində maliyyə pozuntularında təqsirləndirilən sabiq prorektor Elsevər Həmidzadə və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Dillər Universitetində maliyyə pozuntularında təqsirli bilinənlərə hökm oxundu

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Anar Əliyev/

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dillər Universitetində maliyyə pozuntularında təqsirləndirilən sabiq prorektor Elsevər Həmidzadə və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Səbuhi Cəfərov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilən şxəslər sabiq prorektor Elsevər Həmidzadə, baş mühasib Abuzər İsgəndərovun, Elvin Vəliyevin, Şakir Hüseynovun hər biri 3 il müddətinə şərti cəza alıb.

Qeyd edək ki, Azərbaycan Hesablama Palatasının 2012-ci il sentyabrın 19-da yaydığı məlumatda bildirilir ki, Palatanın son kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən "Təhsil" bölməsi üzrə Azərbaycan Dillər Universitetinə ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə auditin nəticələri müzakirə olunub.

Universitetin məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına, ciddi maliyyə pozuntularına, çatışmazlıqlara, habelə saxtakarlıq və mənimsəmə hallarına yol verilməklə, dövlətə külli miqdarda zərər vurulduğunu nəzərə alaraq Kollegiya tərəfindən auditin nəticələri üzrə materialların Baş Prokurorluğa göndərilməsi və bu barədə Milli Məclisə məlumat verilməsi qərara alınıb.

Həmin il sentyabrın 24-də Azərbaycan Respublikası Baş Prokurorluğu da bununla bağlı məlumat yayıb. Məlumatda bildirilib ki, Azərbaycan Dillər Universitetinin 2007-2012-ci illəri əhatə edən dövrün dövlət büdcəsindən ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin istifadə olunması vəziyyətinin yoxlanılmasına dair Hesablama Palatasından daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, universitetin maddi məsul şəxsləri tərəfindən təftişlə əhatə olunan dövrdə müəllimlərə qanunsuz olaraq artıq saxlanılmış qruplar üzrə tədris olunmuş dərs saatlarına görə, vəzifə maaşlarına əlavələrin düzgün hesablanmamasına görə, habelə universitetin bir sıra əməkdaşlarına normadan artıq iş tarifləşdirilərək artıq əmək haqqı ödənildiyinə, habelə təhsil müəssisəsinin əməkdaşları olmayan şəxslərin adına açılmış əmək haqqı kartlarına qanunsuz olaraq pul vəsaiti köçürülməklə külli miqdarda dövlət vəsaiti mənimsəmə və israf etmə yolu ilə talanıb.

Bundan başqa, universitetdə müxtəlif tədbirlərin keçirilməsi adı altında müvafiq təsdiqedici sənədlər olmadan kassadan saxta ödəmə cədvəlləri tərtib edilməklə, həmçinin yanacaq xərclərinə görə külli miqdarda dövlət vəsaiti mənimsənilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə prorektor Elsevər Həmidzadə və universitetin daha 4 əməkdaşı, həmçinin Səbuhi Cəfərov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. İbtidai istintaq və məhkəmə zamanı təqsirləndirilən şəxslərdən yalnız Səbuhi Cəfərov barəsində həbs qərarı çıxarılıb. Cinayət işi başlayandan sonra isə E. Həmidzadə vəzifəsindən azad olunub.

Həmin şəxslər Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti