...

Son bir ildə işəgötürənlər tərəfindən 20 400-dən çox halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib

Cəmiyyət Materials 13 Yanvar 2015 15:06 (UTC +04:00)
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) ötən il həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı işəgötürənlər tərəfindən 20417 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilib.
Son bir ildə işəgötürənlər tərəfindən 20 400-dən çox halda əmək qanunvericiliyinin pozulması faktı aşkar edilib

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) ötən il həyata keçirdiyi dövlət nəzarəti tədbirləri, habelə ərizə və müraciətlərin araşdırılması zamanı işəgötürənlər tərəfindən 20417 halda əmək qanunvericiliyinin tələblərinin pozulması faktı aşkar edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə bildiriblər ki, aparılan təhlillər zamanı hüquq pozuntularının daha çox əmək münasibətlərinin rəsmiləşdirilməməsi, əmək müqavilələrinin şərtlərinin yerinə yetirilməməsi, əməyin mühafizəsində, əmək haqqının hesablanması və ya ödənilməsində nöqsanlar, texniki təhlükəsizlik qaydalarına əməl edilməməsi və s. ilə bağlı olduğu müəyyən olunub.

Həmçinin belə halların əsasən özəl sektora aid müəssisələrdə, topdansatış və pərakəndə ticarət, ictimai iaşə, avtomobillərin təmiri, emal və tikinti sektorlarında baş verdiyi aydın olub. Qeyd olunan hüquq pozuntularının böyük əksəriyyətinin aradan qaldırılması təmin edilib. Digər pozuntuların aradan qaldırılması müəyyən vaxt tələb etdiyindən onların ləğvi üçün isə işəgötürənlərə icrası məcburi olan göstərişlər verilərək icrası nəzarətə götürülüb.

Əmək qanunvericiliyinin tələblərinin pozulması hallarına yol vermiş işəgötürənlərə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndləri əsasında cərimələr tətbiq olunub. Cərimələrin 44,6%-i, yəni 1915347 manatı dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü illə müqayisədə 24 dəfə çoxdur.

DƏMX tərəfindən dövlət nəzarəti tədbirlərinin gücləndirilməsində məqsəd əmək qanunvericiliyindən irəli gələn tələblərin yerinə yetirilməsi, o cümlədən işçi hüquqlarının təminatı ilə əlaqədar işəgötürənlərdə məsuliyyətin artırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti