Azərbaycan, Bakı, 17 yanvar /Trend/
Yanvarın 16-sı Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, universitetin təlim-tərbiyə şöbəsi və Magistrantlar Şurasının birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.
BSU və Bilik Fondunun İnformasiya təminatı sektorundan Trend-ə verilən məlumata görə, xalqımızın azadlıq mücadiləsi tarixində şanlı səhifə açmış şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra mərasimi giriş sözü ilə açan ali təhsil müəssisəsinin rektoru, professor Asif Hacıyev 25 il öncə Azərbaycan xalqının öz azadlığı, müstəqilliyi, toxunulmazlığı uğrunda apardığı mübarizənin dönüş nöqtəsinə çevrilmiş yanvar gecəsində yaşanılan dəhşətləri bir daha tədbir iştirakçılarına xatırladıb. 20 Yanvar hadisələrinin Azərbaycan xalqının müstəqillik tarixində mühim əhəmiyyət kəsb etdiyini deyən rektor ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü bütün təzyiqlərə baxmayaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıda baş vermiş cinayət barədə bütün dünya ictimaiyyətinin məlumatlandırılmasını yüksək vətəndaşlıq mövqeyi, əsl qəhrəmanlıq nümunəsi kimi qiymətləndirib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qanlı gecədə sovet qoşunlarının Bakıya daxil olaraq törətdiyi cinayətdən və bu faciənin dəhşətli nəticələrindən danışıb. O, həmçinin qeyd edib ki, Fond Bakıda, habelə Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən orta təhsil müəssisələrində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbirlərə təşkilatçılıq edir.
Mərasimdə Respublika Milli Qəhrəmanlar Birliyinin sədri Mirbəşir Seyidzadə, Milli Qəhrəman Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, "Müharibə Veteranı Qadınlarına Sosial Yardım" İctimai Birliyinin sədri Rada Abbas, BSU-nun dosenti Sadir Məmmədov və magistrant Rəna Məmmədova 20 Yanvar faciəsinə qədər Sovet hakimiyyətinin Azərbaycana qarşı məkrli siyasətini tarixi aspektdən dinləyicilərin diqqətinə çatdıraraq faciənin səbəbləri və faciə zamanı yaşanmış dəhşətli hadisələr haqqında ətraflı məlumat veriblər.
20 Yanvar hadisələrinə dair fotoşəkillərin və kitabların sərgiləndiyi tədbir faciəyə həsr olunmuş sənədli filmin nümayişi ilə başa çatıb.
Suraxanı rayonu Ələkbər Eyvazov adına 275 nömrəli tam orta məktəbdə də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə 20 Yanvar - Ümumxalq Hüzn Gününün 25-ci ildönümünə həsr olunan tədbir keçirilib.
Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər, 290 nömrəli məktəbin direktoru Rahidə İsmixanova, şəhid Ələkbər Eyvazovun anası Əminə Eyvazova, Bilik Fondunun nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycanın azadlığı və torpaqlarımızın bütöblüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Bilik Fondunun Suraxanı rayonu üzrə nümayəndəsi, 275 nömrəli tam orta məktəbin direktoru Elmira İsmayılova şahidi olduğunu 20 yanvar faciəsinin xalqımıza vurduğu zərbədən danışıb, məktəblilərə onların yaşıdları olan şəhidlər - İlqar, Larisa, Nəriman haqqında məlumat verib. Direktor qanlı yanvar hadisələrindən 25 il keçməsinə baxmayaraq, o günlərin qan yaddaşımızda daim qalacağlını, tariximizdə qürur və şərəf lə anılacağını deyib. Ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü bütün təzyiqlərə baxmayaraq, Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək Bakıda baş vermiş cinayət barədə bütün dünya ictimaiyyətinin məlumatlandırılmasını yüksək vətəndaşlıq mövqeyi kimi dəyərləndirib.
Sonra şagirdlər ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Məktəblilərin ifasında səslənən bir-birindən maraqlı şeir və musiqi nömrələri, səhnəciklər maraqla qarşılanıb. Tədbir boyu məktəbdə 20 Yanvar hadisələri ilə bağlı keçirilən şeir, esse və rəsm müsabiqəsində fərqlənən işlər sərgilənib.
Mərasimdə 20 Yanvar - Milli Hüzn Gününə həsr olunmuş film nümayiş olunub.