Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir İlkin İzzət/
Mərkəzi Bankın manatın məzənnəsi ilə bağlı verdiyi qərar unikal dərəcədə düzgün qərardır. Bunu Trend-ə açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdfiə komitəsinin üzvü Zahid Oruc deyib.
Millət vəkilinin sözlərinə görə, hamının nəyəsə ilkin reaksiyası yanlış ola bilər. Amma ağılla düşünəndə görmək olur ki, Mərkəzi Bankın belə bir qərar verməsi düzgündür və sadə vətəndaşın xeyrinədir: "Bunu sübut da edirəm. Son 3 gündə bir sıra ölkələrdəki iqtisadi prosesləri tədqiq etmişəm. Burada tədrici devalvasiyadan söhbət gedə bilməzdi. Tədrici və yaxud dəbdə olan terminlə desək, "üzən kurs" siyasəti heç bir ölkəyə xeyir gətirməyib. O, yalnız spekulyantlara və valyuta qeyri-sabitliyindən bəhrələnənlərə, daha doğrusu, "valyuta müharibəsi" aparanlara fayda gətirir.Ona görə də indiki addım atıldı. İndi "qara şənbə" adlandırdığımıza bir aydan sonra "qırmızı şənbə" deyəcəklər. Hamı görəcək ki, müəyyən antihakimiyyət platofmasını təşkil edən iqtisadçılar "ordusu"nun mövqeyi cəfəngiyyat və uğursuzdur. Hökuməti tənqid edənlərin hamısı manatın əvvəlki kursda saxlanmasının iqtisadi cəhətdən ziyanlı olduğunu, onun yerli məhsulun istehsalına və xarici ticarətdə qeyri-neft sektorunun stimullaşdırılmasına zərbə vurduğunu deyirdilər. Bu məqsədlə milli valyutamızın tədricən ucuzlaşması siyasətinə gedilməsi təklif olunurdu və süni şəkildə bahalı valyuta kimi saxlanan manatın keçmiş və gələcək ziyanlarından danışırdılar. Deməli, məzənnə siyasətinin hazırkı deyil, məhz əvvəlki kursu iqtisadi əsaslandırılmış sayıla bilməzdi".
Z.Orucun fikrincə, əgər Mərkəzi Bank bu addımı atmasaydı, Azərbaycan manatı Rusiyanın rublun gününə düşəcəkdi: "Çünki ortada dollar kütləsi ajiotajı yaşanırdı. Bəzi iqtisadçılar deyir ki, axı büdcənin neftdən asılılığı var. Məgər Türkiyənin və ya Gürcüstanın nefti var? Axı onlar da milli valyutalarının devalvasiyasına getdilər. Ümumiyyətlə, dollar kütləsinin dünya maliyyə vahidlərinə nisbətən güclənməsi baş verib. Hər halda Avropa ölkələrinin neft və qazı yoxdur, amma avro dollara nisbətən nə qədər aşağı düşüb. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun idxal məhsullarının qiymətində dəyişiklik olacağı, manatın dəyərdən salınmasına əl atılacağı və inflyasiyanın nəzarətdə saxlanmasına yönəlik siyasət yürüdülməsinə dair bəyanatı valyuta bazarında böyük gərginlik və ajiotaj doğurdu. Nəticədə bankın son hərraclarda dövriyyəyə çıxardığı və cəmi bir neçə qəpik bahalaşmış 120 milyon dollardan artıq vəsait yerli banklar tərəfindən dərhal alınaraq satışa çıxarıldı. Lakin əhali ərasında dollara tələbat artırdı. Ölkəmizdə iş görən xarici şirkətlərin, banklarla yanaşı, xalqın hətta ən az təminatlı hissəsinin əlində olan vəsaitlərini dollara çevirmək istəyi durmadan artırdı. Bazarda belə psixoloji bir vəziyyətin hökm sürməsi və iqtisadi ədəbiyyatlarda "bahalaşma gözləntisi" adlandırılan şərait davam edərdisə, Mərkəzi Bank qısa müddətdə qalan 12 milyard manatlıq ehtiyatını da xərcləməyə məcbur olacaqdı. Onda manatı rus rublunun taleyi gözləyəcəkdi. İndi isə bazara diqqət edin. Hər kəs dolların kursunun aşağı düşəcəyini gözləyir. Ona görə də hətta 1/3 nisbətdə ucuzlaşmadan sonra da manat dünyanın əsas maliyyə vahidləri ilə az qala bərabər dəyərə malikdir və onu həm vətəndaşlarımız, həm də regional çərçivədə çalışan şirkətlər istər tədavül, istərsə də etibarlı yığım vasitəsi kimi görürlər. Məhz buna görə indi hamımız tərəfindən "qara şənbə" kimi xarakterizə olunan hazırkı əsaslandırılmış devalvasiya vaxt gələcək "qırmızı şənbə" kimi təqvimin ən əlamətdar gününə çevriləcək".
Parlament üzvü bundan sonra hökumətin görməli olduğu işlərə də aydınlıq gətirib: "İndi hökumət gecikmədən son valyuta tənzimləməsindən sonra əhalinin kredit, əmanətləri və daxili bazarda qiymət dəyişikliyinin yaradacağı proseslərə istiqamətlənmiş antiböhran proqramlarının icrasına başlamalıdır. Maaş və pensiyaların yeni inflyasiya indeksinə uyğunlaşdırılması üçün mənbələr tapılmalı və büdcəyə yenidən baxılmalıdır. Çünki son addımdan sonra yaşayış minimumu və aylıq istehlak səbətinin əvvəlki vəziyyətdə qalmayacağı şübhəsizdir və dövlət sosial ehtiyaclı insanları birmənalı şəkildə müdafiə etməlidir. Bundan əlavə, məzənnənin sabit saxlanması investorları gözləmə mövqeyindən çıxaracaq, bankları yeni şəraitə uyğun olaraq əhali ilə işləməyə sövq edəcək. Əks halda, manatı aşağı və yuxarı məzənnəyə inzibati qərarlarla yönəltmək cəhdləri "qara bazar"ı hərəkətə gətirəcək və bu, əhalinin maraqlarına böyük zərbə vuracaq. Həmçinin hökumət banklarla əməkdaşlığa açıq olmalı, hazırkı vəziyyəti iqtisadi və maliyyə subyektləri ilə birgə geniş müzakirə etməlidir. Eyni zamanda, inflyasiyanın ikirəqəmli olmaması üçün gömrük rüsumları və bank stavkaları ilə də bağlı təxirəsalınmaz tədbirlər görülməlidir".