...

Doğu Akdeniz Universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris ediləcək

Cəmiyyət Materials 11 Mart 2015 10:56 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xarici əlaqələri genişlənir.
Doğu Akdeniz Universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris ediləcək

Azərbaycan, Bakı, 11 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun xarici əlaqələri genişlənir. Bu yaxınlarda Fondun Beynəlxalq layihələr sektorunun müdiri Riyad Məmmədzadə Şimali Kiprdə rəsmi səfərdə olub. Səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirən R.Məmmədzadə bu barədə suallarımızı cavablandırıb.

- Bilik Fondunun həm ölkə daxilində, həm də xaricdə bir sıra səmərəli layihələr həyata keçirdiyi barədə ictimaiyyət artıq məlumatlıdır. Bu dəfəki səfərinizin məqsədi barədə nə deyə bilərsiniz?

- Ötən il Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Çexiya Respublikasının paytaxtı Praqa şəhərində üç günlük sərgi keçirmişdi. "Azərbaycan elmi xaricdə" proqramı çərçivəsində reallaşan sərgi Azərbaycanın geologiya elmini Çexiyada tanıtmaq məqsədi daşıyırdı. Praqada Karlov Universitetində keçirilən müzakirələrdə elm-təhsil, siyasət, incəsənət, iş adamları arasında mövcud əlaqələrin daha da genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılmışdı. Bu istiqamətdə birgə uğurlu işlərimiz davam edir.
Bu dəfə əsas məqsəd Doğu Akdeniz Universiteti ilə Bilik Fondu arasında əlaqələr qurmaq idi. Əvvəlcə Universitetin xarici tələbələrlə iş üzrə prorektoru Prof. Dr. Hasan Amca ilə görüşdük. Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və bu qurumların fəaliyyəti barədə ətraflı məlumat verildi. İkitərəfli münasibətlərin inkişafı müstəvisində fikir mübadiləsi aparıldı.

- Azərbaycan multikulturalizmi fənninin Bolqarıstanda tədrisinə başlanıb. Riyad müəllim, Doğu Akdeniz Universitetində belə təcrübə təkrarlanacaqmı?

- Xarici ölkələrdə "Azərbaycan multikulturalizmi" fənninin keçirilməsi ölkəmizin beynəlxalq aləmdə yaxından tanıdılması üçün gözəl imkandır. Artıq Bakı Multikulturalizm Mərkəzinin, Bilik Fondunun və Bakı Slavyan Universitetinin birgə fəaliyyəti nəticəsində bu fənn Litva Respublikasının Litva Pedaqoji Universitetində, Rusiya Federasiyasının Ural Federal Universitetində və Belarus Respublikasının Belarus Dövlət Universitetində, İtaliya Respublikasının "La Sapienza" Universitetində, Çexiya Respublikasının Karlov Universitetində və Tbilisi Dövlət Universitetində tədris edilir. Bu istiqamətdə əməkdaşlığa xarici universitetlərdə də böyük həvəs və maraq var. Doğu Akdeniz Universitetinin rektoru Prof. Dr.Necdet Osam ilə görüşümüzdə "Azərbaycan Mültikulturalizmi" fənni barəsində də məlumat verdik və bu ali təhsil ocağında da fənnin tədris edilməsi üçün razılıq əldə olundu. Rektor Prof. Dr.Necdet Osam bu işdə bizə lazımi dəstək verəcəklərini bildirdi.

- Səmərəli nəticələr əldə edilib.

- Bəli, bundan başqa millət vəkili Hüseyin A.Alanlı ilə də görüşümüz oldu. Hüseyin bəyə Fondumuzun missiyası barədə geniş məlumat verdik, o, qarşılıqlı münasibətlərin inkişafında maraqlı olduğunu bildirdi və bizi təhsil naziri Dr.Özdemir Berova ilə görüşdürdü. Dr.Özdemir Berova Bilik Fondunun bütün maarıfləndirici layihələrinə hərtərəfli dəstək verməyə hazır olduğunu dedi. Daha sonra Yükseköğretim Planlama, Denetleme, Akreditasyon ve Koordinasyon Kurulunun rəhbəri Prof. Hüseyin Gökcekuş ilə görüşdük. Ətraflı söhbətdən sonra Hüseyin bəy bildirdi ki, "Azərbaycan Mültikulturalizmi" fənninin Şimali Kiprin bütün universitetlərində tədris edilməsi məqsədəuyğundur. Rəhbərlik etdiyi qurum bu sahədə hər cür yardım etməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti