...

Azərbaycandan Həcc ziyarətinə getmə qaydaları və qiymətləri açıqlandı

Cəmiyyət Materials 11 Mart 2015 15:59 (UTC +04:00)
Azərbaycandan müqəddəs Həcc ziyarətini təşkil etmək səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) aiddir.
Azərbaycandan Həcc ziyarətinə getmə qaydaları və qiymətləri açıqlandı

Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir İlkin İzzət/

Azərbaycandan müqəddəs Həcc ziyarətini təşkil etmək səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) aiddir. Müqəddəs ziyarətə getmək istəyənlərin sənədlərinin Azərbaycandan Həcc missiyasının təşkilatçısı olan Qafqaz Müsəlmanları İdarəsində qəbul olunmasına başlanılır.

QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sənədlər Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında, QMİ-nin Həcc ziyarətinin təşkili şöbəsində qəbul olunur.

Sənədlər zəvvarlar tərəfindən şəxsən təqdim edilir və təşkilatçı tərəflə (QMİ) zəvvar arasında müəyyən edilmiş formada müqavilə bağlanır. Xidmət haqqı zəvvarın özü, yaxud onun səlahiyyətli nümayəndəsi tərəfindən QMİ-nin "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin "Mərkəz" filialındakı (Ünvan: AZ1005, Bakı, Səbail, Hacı Zeynalabdin Tağıyev 3) manat hesabına ödənilir.

Ziyarətin təşkili ilə bağlı xidmət haqqının əhəmiyyətli hissəsi xarici tərəfdaşlara köçürülür. Buna görə də onun məbləği ABŞ dolları ilə müəyyən edilib (mehmanxana, habelə ziyarət zamanı xidmət şərtlərindən asılı olaraq 4700 (dörd min yeddi yüz) ABŞ dolları və ya 5750 (beş min yeddi yüz əlli) ABŞ dolları). Zəvvarlar xidmət haqqını ödəmə günü mövcud olan məzənnəyə uyğun olaraq ödəməlidirlər.

Ziyarətə getmək istəyənlər aşagıdakı sənədləri təqdim etməlidirlər: biometrik (xarici) pasport, şəxsiyyət vəsiqəsinin surəti, 4x6 ölçülü 4 ədəd şəkil (ag fonda rəngli şəkil) və tibbi arayış.

İdarə ziyarətə getmək arzusunda olanlara bildirir ki, müqəddəs Həcc və Ümrə ziyarətlərinə sənəd qəbul etməklə bağlı QMİ-dən başqa heç bir qurum səlahiyyətli deyil. Hər hansı başqa quruma sənəd təqdim edərək onların vasitəçiliyi ilə ziyarətə getmək istəyənlərlə bağlı yaranacaq anlaşılmazlıqlara görə QMİ məsuliyyət daşımır.

Həcc ziyarətinin təşkili ilə bağlı əlavə məlumatlar QMİ-nin elektron səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək.

Əlavə məlumat üçün 492-88-48 və 437-15-71 nömrəli telefonlar vasitəsilə əlaqə saxlamaq olar.

Xatırladaq ki, müqəddəs Həcc ziyarəti 2013-2014-cü illərdə iki variantda təşkil olunub. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan hotellərdə qalmaq istəyən zəvvarlar üçün isə xərc 4100 manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti