Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir Rufiz Hafizoğlu/
ABŞ-ın bir çox şəhərlərində, eləcə də paytaxt Vaşinqtonda Novruz bayramı münasibətilə şənliklər keçirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verir.
Məlumata əsasən, bayram şənliklərində minlərlə insan iştirak edib.
Xatırladaq ki, martın 12-də ABŞ-ın birinci xanımı Mişel Obamanın təşəbbüsü ilə Ağ evdə Novruz bayramı münasibəti ilə şənlik keçirilib.
Şənlikdə Novruz bayramını qeyd edən ölkələrin vətəndaşları və əcnəbilər iştirak ediblər.
Tədbirdə Novruz bayramının mahiyyəti izah edilib.
Novruz şənliyində çıxış edən ABŞ-ın birinci xanımı Ağ evdə bir sıra bayramların keçirildiyini bildirərək bundan sonra Novruz bayramının da mütəmadi olaraq qeyd olunmasını istədiyini deyib.