Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/
Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevaya qarşı fiziki zor tətbiq edən qardaşlardan biri barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edilib.
Trend xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın Bakıda iki qardaş tərəfindən döyülməsi ilə bağlı Bakı şəhər Prokurorluğunun apelyasiya şikayətinə baxılıb.
Məhkəmənin qərarı ilə Xətai rayon Məhkəməsinin qərarı qismən ləğv edilib və Ülkər İsayevaya qarşı fiziki zor tətbiq edən iki qardaşdan biri - Zaur Məmmədov barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən həbs qətimkan tədbiri seçilib. Onun qardaşı Elin Məmmədovla bağlı isə birinci instansiya məhkəməsinin qərarı qüvvədə qalıb.
Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayeva 09.03.2015 ci il tarixdə Bakı şəhəri Səbail rayonu Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsində iki qardaş tərəfindən döyülərək fiziki işgəncəyə məruz qalıb.
Faktla bağlı 14.03.2015-ci ildə onlara Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilib.
14.03.2015-ci il tarixdə hər iki təqsirləndirilən şəxs barəsində Bakı şəhər Prokurorluğu tərəfindən həbs qətimkan tədbiri seçilməsi üçün Xətai rayon Məhkəməsinə təqdimat verilib. Lakin Xətai rayon məhkəməsinin hakimi Raziyə Ataşova tərəfindən çıxarılan qərara əsasən, iki qardaş - Zaur və Elin Məmmədovlar məhkəmə zalından azad ediliblər.
Lakin Xətai rayon Məhkəməsinin bu qərarı ilə razı olmayan Bakı şəhər Prokurorluğu apelyasiya protesti ilə çıxış edib.