Azərbaycan, Bakı, 19 mart /Trend/
Son günlər KİV-lərdə bəzi iqtisadçılar manatın yenidən ucuzlaşacağı mesajlar verirlər. Hətta bəziləri manatın növbəti devalvasiyasının 10 faizlik səviyyəsini də "müəyyənləşdirirlər".
"Sosial-İqtisadi və Ekoloji İnkişaf " İctimai Birliyinin sədri Rahilə Mehdiyeva Trend-ə bildirib ki, ciddi iqtisadi əsasları olmayan bu cür mesajlar əhalidə əlavə narahatçılıq yaratmaqla bərabər, istehlak bazarında gərginlik də yaradır.
Onun sözlərinə görə, bu cür "mülahizələr" süni qiymət artımına, qiymətlərin əsassız qaldırılmasınasına "yol açır":
"Həqiqətə uyğun olmayan belə fikirlərə "əsaslananlar" isə qiymətlərin artacağından ehtiyatlanaraq ya daha çox mal alır, ya da öz vəsaitlərini dollara çevirməklə "ehtiyat tədbirləri" görürlər. Apardığımız müşahidələr göstərir ki, bu cür həssas məsələyə qeyri-həssas yanaşmalara, belə əsassız mülahizələrə inananlar da tapılır. Odur ki, bu cür fikirləri səsləndirməmişdən əvvəl onların psixoloji təsiri haqqında düşünmək yaxşı olardı. Hazırkı həssas dönəmdə qiymətlərin dəyişməsində psixoloji amil də mühüm rol oynayır. Hesab edirik ki, ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri, iqtisadçılar istehlak bazarına mənfi təsirlər edə biləcək əsaslandırılmamış "rəylərdən" çəkinməli, mülahizələr yürüdərkən ehtiyatlı olmalıdırlar. Bu, hamımız üçün lazımdır. Çünki, siz də, biz də - hamımız istehlakçıyıq".