...

Hesablama Palatası: Rəhbər vəzifələri tutan şəxslərə "mülayim" münasibət göstərilir

Cəmiyyət Materials 6 Aprel 2015 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda dövlət qurumlarında ciddi tənbeh tədbirləri əsasən aşağı vəzifələrə aid edilir, rəhbər vəzifələri tutan şəxslərə isə bir qədər "mülayim" münasibət göstərilir.

Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının 2014-cü il üzrə fəaliyyət hesabatında bildirilib.

Hesabatda qeyd edilib ki, tətbiq edilmiş tənbeh tədbirləri arasında daha çox töhmət verilməsinə üstünlük verilib. Həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi olaraq, 2014-cü il ərzində 386 nəfərlə bağlı intizam-tənbeh tədbirləri görülüb. Bu tədbirlərin 44 faizi töhmət verilmə, 35 faizi xəbərdarlıq edilmə, 9 faizi vəzifə maaşının azaldılması, 6 faizi tutduğu vəzifədən azad edilmə, 4 faizi şiddətli töhmət verilmə olub.

Qurumlar nəzarət tədbirlərinin nəticəsi kimi müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı bir sıra tədbirlər həyata keçirsə də, həmin nöqsan və çatışmazlıqların yaranmasına şərait yaradan vəzifəli şəxslərin cəzalandırılması və ya yetərli tədbirlərin tətbiq edilməməsi son nəticədə həmin qurumlarla yanaşı, digər qurumlarda da belə nöqsanların baş verməsi və təkrarlanması riskini yüksəldir:

"Ümumiyyətlə, Hesablama Palatası həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsi üzrə bir sıra qurumlarda nöqsanlara yol vermiş vəzifəli şəxslərə qarşı tənbeh tədbirlərinin yetərli olmadığını hesab edir. Bəzi qurumlarda isə dövlət vəsaitlərinin səmərəli və düzgün istifadəsini təmin etməyən şəxslərə heç bir intizam-tənbeh tədbirləri tətbiq olunmayıb. Bunlara Sumqayıt Şəhər Təhsil Şöbəsini, "Azərbaycan Dəmir Yolları" QCS-nin Həkim-Sanitar Xidmətini, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutununu, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsini, Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi, Cəlilabad rayon İcra Hakimiyyətini aid etmək olar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti