...

Sosial sığorta müavinətlərinin ödənilməsi elektron xidmətlərlə reallaşdırılır (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2015 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Sosial sığorta müavinətlərinin ödənilməsi elektron xidmətlər vasitəsilə reallaşdırılır.

Dövlət Sosial Müdafiə Fondu (DSMF) "Sosial sığorta müavinətlərinin ödənişinin avtomatlaşdırılması" mövzusunda dövlət və özəl sektoru təmsil edən sığortaedənlərin səlahiyyətli nümayəndələrinin iştirakı ilə təqdimat-seminar keçirib.

Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan DSMF sədrinin müavini Zakir Babayev ötən dövr ərzində Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirilməsi nəticəsində ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət göstərən və təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sisteminin qurulduğunu vurğulayıb.

Sədr müavini qeyd edib ki, çoxsaylı pensiyaçı və sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində Fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır.

Z.Babayev ölkəmizin sığorta-pensiya sistemində təqdim olunan elektron xidmətlərin pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üzrə olmaqla üç istiqamətdə aparıldığını diqqətə çatdırıb.

Tədbirdə təqdimatla çıxış edən DSMF-nin şöbə müdiri Fərid Baxşıyev bildirib ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər Azərbaycan Prezidentinin 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə "2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası"nın çərçivəsində müəyyən olunub. Konsepsiyanın əhəmiyyətindən bəhs edən F. Baxşıyev sənədin ölkəmizdə pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədi daşıdığını vurğulayıb.

Sonra DSMF-nin əməkdaşları təqdimatlarla çıxış edərək tədbir iştirakçılarını Fondun göstərdiyi elektron xidmətlər, eləcə də məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin təyin edilməsi, hesablanması və ödənilməsi ilə bağlı şərt və qaydalar, müavinətlərin təyin olunması üçün zəruri sənədlər, qanunvericilikdə müəyyən edilmiş tələblər barədə ətraflı məlumatlandırıblar.

Diqqətə çatdırılıb ki, hazırda Fondun mərkəzi məlumat bazasında 1 milyon 293 min pensiyaçı, 3 milyon 041 min sığortaolunan barədə müvafiq məlumatlar toplanıb ki, bu da ölkə əhalisinin 45 faizini təşkil edir. "Elektron hökümət" portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlərin ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutduğu qeyd edilib.

Bildirilib ki, DSMF-nin sosial sığorta haqları hesabına ödənilən müavinətlərlə bağlı sığortaedənlərə göstərdiyi elektron xidmətlər hər bir müavinət növü üzrə ayrıca təşkill olunub. Bu xidmətlər aşağıdakı 5 növ müavinətlər üçün müraciətlərin elektron qaydada DSMF-yə təqdim olunmasını nəzərdə tutur: 1) əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; 2) hamiləliyə və doğuma görə müavinət; 3) uşağın anadan olmasına görə müavinət; 4) uşağa qulluğa görə müavinət və 5) dəfn üçün müavinət.

Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə əsasən, müavinətlərin təyin olunması işçinin işlədiyi sığortaedəndə fəaliyyət göstərən müvafiq komissiya tərəfindən yerinə yetirilir. Sonra zəruri sənədlər sığortaedən tərəfindən müraciətlə birgə DSMF orqanına elektron qaydada təqdim olunur. DSMF orqanı qeyd edilən sənədlər əsasında müavinətin bilavasitə işçinin plastik kart hesabına dərhal ödənişini həyata keçirir.

Tədbir sosial sığorta müavinətləri sahəsində aktuallıq kəsb edən məsələlərə dair təşkil olunan praktik müzakirələrlə davam edib. İştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb və təkliflərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti