Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan "Acer" markalı fərdi kompüterlərin seriyalı istehsalına başlayır.
Bu barədə Trend-ə ölkənin İT bazarındakı mənbə məlumat verib.
Agentliyin müsahibinin sözlərinə görə, istehsala başlamaq üçün bütün lazımi şərait yaradılıb. Bunun üçün yalnız Dövlət Gömrük Komitəsinin müvafiq icazəsini almaq məsələsi həll edilməlidir.
İstehsal olunan kompüter texnikası "İntel" şirkətinin prosessor və çiplərinə əsaslanacaq.
Bundan əvvəl mənbə Trend-ə bildirmişdi ki, layihə Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tərəfindən maliyyələşdiriləcək.
Layihəyə ilkin investisiyanın 10 milyon manat olduğu bildirilir.