Azərbaycan, Bakı, 8 aprel /Trend/
Bu gün Bakıda Azərbaycan Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov Moldova ombudsmanı Aureliya Qriqoriu ilə görüşüb.
Trend-in məlumatına görə, görüşdə qondarma "erməni soyqırımı", erməni vəhşiliyi müzakirə edilib.
A.Qriqoriu deyib ki, yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub: "Çoxsaylı faktlar əsir və girovlara müxtəlif dəhşətli işgəncələrin verildiyini göstərir - onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst vəziyyətinə salınıb, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüb, damarlarına benzin yeridilib".
Ombudsman hesab edir ki, dünya birliyi erməni vəhşiliyinə göz yummamalıdır.
E.Məmmədov da öz növbəsində, son illər Xocalı soyqırımının dünya parlamentləri tərəfindən tanınmasını xatırladıb və qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində regiondakı həqiqətlər dünya ictimaiyyətinə çatdırılır. E.Məmmədov ombudsmana Azərbaycanın haqq işini müdafiə etdiyi üçün təşəkkürünü bildirib və vurğulayıb ki, Azərbaycan və Moldova insan haqları sahəsində uğurlu əməkdaşlıq edir.