Azərbaycan, Bakı, 18 aprel /Trend/
Türkiyənin Nevşəhər vilayətində millət vəkili Qənirə Paşayeva və nevşəhərli şairə Ayşə Paslanmazın yeni kitablarının təqdimatı və imzalanması mərasimi olub.
Mərasimdə Uluslararası Kapadokiya Şiir və Kültür Festivalında və bu çərçivədə keçirilən Makedoniya Dostluq Gecəsində iştirak etmək üçün Nevşəhərdə səfərdə olan Makedoniya Prezidenti Georgi İvanov və Makedoniyanın bir sıra nazirləri, Nevşəhər bölgəsinin rəhbərliyi, ziyalılar, jurnalistlər iştirak ediblər.
Təqdimat zamanı millət vəkili Q.Paşayevanın Türkiyədə Türkiyə türkcəsində çıxan "Allah, seven kalplerdedir ("Seni Allaha aşk götürür"), "Aşk Başka" adlı kitabları, həmmüəllifi olduğu "Hocalı Soykırımı: Tanıkların dilinden" kitabı və Nevşəhər də daxil olmaqla Türkiyənin 20-dən çox bölgəsini anladan "Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası" kitablarının və yeni çapdan çıxmış "Aşıq oldum Sənə - Nevşəhər" adlı kitabının, şairə A.Paslanmazın kitablarının təqdimatı və imzalanması olub.
Bu cür gözəl tədbirin təşkili üçün Nevşəhərin rəhbərliyinə, A.Paslanmaza, tədbirdə iştirak edən çoxlu sayda ziyalı, jurnalist və sadə nevşəhərlilərə təşəkkür edən millət vəkili Q.Paşayeva özəlliklə Makedoniya Prezidenti G.İvanova və qardaş Makedoniyanın nazir və ziyalılarının bu mərasimdə iştirakının onun üçün çox böyük şərəf olduğunu deyərək dərin minnətdarlığını bildirib: "Bizim ailəmiz varlı deyildi, amma atam hər zaman deyərdi ki, mən çox zəngin insanam, çünki mənim pulla alına bilməyəcək qədər çoxlu gözəl dostlarım var. Mən də çox zəngin insanam, çünki sizin kimi çoxlu dəyərli dostlarım var".
Q.Paşayeva Azərbaycanın müstəqillik yolundan, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi faciələrdən, Xocalı soyqırımından, şəhid olan dostlarından, sinif yoldaşlarından, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin onun həyatında oynadığı böyük roldan, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın o da daxil olmaqla gənc qadınların ölkənin həyatındakı rolunu daha da artırmaq üçün böyük dəstəyindən və kitablarından geniş danışaraq, "Allahdan ən böyük arzum bir gün sizin kimi dəyərli insanlarla birlikdə belə tədbirləri Dağlıq Qarabağda, Şuşada, bütün o gözəl torpaqlarımızda da bərabər keçirməkdir" deyərək "Hocalı Soykırımı: Tanıkların dilinden" adlı həmmüəllifi olduğu kitabı və digər kitablarını imzalayaraq ilk olaraq Makedoniya Prezidenti G.İvanova hədiyyə edib.
Makedoniya Prezidenti kitablara görə təşəkkürünü bildirərək Q.Paşayevanın bir gün Makedoniyanı Azərbaycan insanına daha geniş tanıdan kitab yazmasını da arzu etdiklərini bildirib və onu ölkəsinə dəvət edib. Dəvət üçün təşəkkürünü bildirən millət vəkili müxtəlif tədbirlər çərçivəsində dəfələrlə Makedoniyada səfərlərdə olduğunu və hər zaman ölkə Prezidenti G.İvanovun onları bir dost, qardaş kimi qəbul etdiyini və söhbət etdiyini deyib və bu cür səmimi münasibətə görə Makedoniya Prezidentinə təşəkkür edib: "Sizin bu tədbirdə iştirakınız bizim üçün böyük bir diqqətdir və bunu heç zaman unutmayacağıq". Q.Paşayeva yaxın zamanlarda qardaş Makedoniyanı Azərbaycanda daha geniş tanıdan bir kitab hazırlayacağına da söz verib.
Millət vəkili sonra kitablarını imzalayaraq Nevşəhərin rəhbər şəxslərinə, ziyalılarına, KİV təmsilçilərinə hədiyyə edib. Şairə A.Paslanmaz Q.Paşayeva ilə dostluğundan və kitablarından danışaraq Nevşəhərdə birlikdə kitablarının təqdimat və imzalanmasının Azərbaycan və Türkiyə qardaşlığı adına da gözəl bir gün olduğunu deyib və hər iki müəllif kitablarını imzalayaraq qonaqlara hədiyyə edib. Nevşəhər valisi və bələdiyyə başqanı yardımçısı isə Q.Paşayevaya Nevşəhəri, tarixi Kapadokiyanı belə böyük bir sevgi ilə anladan "Aşiq oldum Sənə - Nevşəhər" adlı kitab üçün millət vəkilinə öz adlarından ve nevşəhərlilər adından təşəkkür ediblər.