...

Azərbaycanda WİZZ Air aviaşirkətinin fəaliyyəti yaxın günlərdə bərpa ediləcək

Cəmiyyət Materials 22 Aprel 2015 11:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir Səba Ağayeva/

Azərbaycan-Macarıstan hökumətlərarası birgə iqtisadi komissiyasının növbəti beşinci iclasının keçirilməsi ilə əlaqədar Azərbaycanın sənaye və iqtisadiyyat naziri, birgə komissiyanın Azərbaycan tərəfdən həmsədri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti aprelin 21-də Budapeştə səfər edib.

Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə bildiriblər ki, səfərin ilk günü Macarıstanın Xarici işlər və xarici ticarət nazirliyində ölkənin xarici işlər və ticarət naziri, Macarıstan tərəfdən birgə komissiyanın həmsədri Piter Siyyarto ilə azərbaycanlı həmkarının görüşü olub. Görüş zamanı ötən ilin noyabr ayında Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstana işgüzar səfərindən sonra qarşılıqlı iqtisadi əlaqələr sahəsində həyata keçirilən layihələr və yeni əməkdaşlıq planları barəsində ətraflı fikir mübadiləsi aparılıb. İndiyə qədər su təchizatı, kənd təsərrüfatı, turizm və təhsil sahəsində bir sıra mühüm addımların atıldığı, tezliklə energetika, nəqliyyat, tikinti, dərman sənayesi və s. kimi maraq doğuran sahələrdə də birgə layihələrin həyata keçiriləcəyi bildirilib.

Ş.Mustafayev Azərbaycan Prezidentinin göstərişi ilə Bakı ilə Budapeşt arasında birbaşa uçuşlar həyata keçirən WİZZ Air aviaşirkətinin fəaliyyətinin yaxın günlərdə bərpa ediləcəyini bildirib. P.Siyyarto Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, ölkəmizin regionda Avropa Birliyinin etibarlı tərəfdaşına çevrilməsinin Macarıstanda böyük məmnunluqla qarşılandığını xüsusi qeyd edib. O yalnız birgə komissiyanın həmsədri kimi deyil, xarici işlər naziri kimi də ölkəsi adından bu prosesi daim dəstəklədiyini və dəstəkləyəcəyini bildirib. Tərəflər Macarıstanla Azərbaycan arasında imzalanan strateji əməkdaşlıq sazişinin qarşılıqlı münasibətləri bütün sahələr üzrə daha yüksək səviyyəyə qaldırmaq baxımından geniş imkanlar açdığını vurğulayıblar.

Macarıstan Milli İqtisadiyyat nazirliyində nazir Mihal Varqa ilə keçirilən görüş zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ətraflı fikir mübadiləsi aparılıb. Bu gün isə Macarıstan paytaxtında iki ölkə rəsmilərinin iştirakı ilə birgə iqtisadi komissiyanın iclası, habelə biznes dairələrinin görüşü keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti