Azərbaycan, Bakı, 22 aprel /Trend/
Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyinin (QUPAİB) nümayəndələri Şamaxının Qızmeydan kəndində Pasxa bayramı münasibətilə rus icmasının nümayəndələrilə görüşüblər.
Trend-in məlumatına görə, görüşdə rus icmasının qadın üzvlərini salamlayan QUPAİB-in sədri Kəmalə Məmmədova bayram münasibətilə onları təbrik edib. Bildirib ki, yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcuddur.
QUPAİB-in sədri çıxışında son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dinamik inkişaf proseslərinin bir çox sahələrlə yanaşı, milli mənəvi dəyərlərin qorunması sahəsində də inkişafa geniş imkanlar açdığını söyləyib. Bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub. Bütün dinlərə hörmət göstərilib, qarşılıqlı münasibətlər yüksək səviyyədədir.
Kəmalə Məmmədova diqqətə çatdırıb ki, çoxmillətli və çoxkonfessiyalı cəmiyyətimizdə xristian icmasının özünəməxsus yeri var. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları, o cümlədən pravoslav xristianlar öz hüquq və azadlıqlarından lazımınca yararlanmaqla, ölkəmizdə gedən böyük inkişaf və quruculuq prosesində fəal vətəndaşlıq mövqeyi nümayiş etdirirlər.
Rus icmasının nümayəndələri də öz növbələrində diqqətə çatdırıblar ki, yeniliyin, əmin-amanlığın, həmrəylik və mərhəmət duyğularının rəmzi olan Pasxa bayramı hər il Azərbaycanda təntənə ilə qeyd edilir.
Sonra QUPAİB-in gördüyü işlər barədə məlumat verilib.
Qeyd edilib ki, Qadın və Uşaqların Problemlərinin Araşdırılması İctimai Birliyinin reallaşdırdığı layihələr çərçivəsində Şamaxı, İsmayıllı, Bərdə, Ağdam, Şirvan, Hacıqabul və digər rayonlarda gənc qadınlar arasında məişət zorakılığı haqqında geniş maarifləndirmə tədbirləri həyata keçirilib. Tədbirlərə bütün yaş kateqoriyalarından olan qadınlar cəlb edilib, məişət zorakılığına aid maarifləndirici bukletlər paylanılıb, ehtiyac olduğu halda yerlərdə hüquqi və psixoloji yardımlar göstərilib. Bu gün də bu işlər davam etdirilməkdədir.
Bildirilib ki, dövlətin qadın siyasətinin təbliği, qadınların maarifləndirilməsi məqsədilə QUPAİB-in Şamaxıda, Füzulidə, Salyanda, Ağsuda, Gəncədə, Qubada, Xaçmazda, ümumilikdə, 24 rayonda nümayəndəlikləri açılıb.
Görüşün sonunda bir qrup qadın QUPAİB-ə üzv qəbul edilib.