...

Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyətinə verdiyi töhfələr yüksək qiymətləndirilib

Cəmiyyət Materials 30 Aprel 2015 17:02 (UTC +04:00)
Azərbaycan Respublikasının Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyətinə verdiyi töhfələr və görülən işlər yüksək qiymətləndirilib.
Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyətinə verdiyi töhfələr yüksək qiymətləndirilib

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Azərbaycan Respublikasının Beynəlxalq Prokurorlar Assosiasiyasının fəaliyyətinə verdiyi töhfələr və görülən işlər yüksək qiymətləndirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 30-da Baş prokuror Zakir Qaralov ölkəmizdə səfərdə olan Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) icraçı direktoru xanım Yanne Holst Hübner və Britaniya Kral Prokurorluq Xidmətinin rəis müavini, Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü Gari Balçla görüşüb.

Tədbirdə Baş prokuror Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən demokratik islahatlar və əldə olunan nailiyyətlərin müstəqil respublikamızın nüfuzunun ciddi şəkildə artması, beynəlxalq təşkilatların dövlətimizlə əməkdaşlığa marağının daha da güclənməsi, həmçinin ölkəmizin bir çox mötəbər qurumların, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusa malik olan və 100-dən çox dövləti özündə birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək bu əməkdaşlığın dinamik inkişaf etdiyini xüsusi qeyd edib və uzun illər təşkilatın rəhbər orqanı olan İcraiyyə Komitəsində təmsil olunmalarını qurumun Azərbaycan Respublikası ilə əməkdaşlığına verilən yüksək qiymət kimi dəyərləndirib.

Məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, informasiya-kommunikasiya texnologiyalarının son nailiyyətlərinin prokurorluq orqanlarında tətbiqi, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən konkret tədbirlər barədə ətraflı məlumat verən Baş prokuror ölkəmizin BPA-nın yarandığı vaxtdan fəal əməkdaşlıq etdiyini, cinayətkarlığa qarşı mübarizədə və cinayət işləri üzrə hüquqi yardımın göstərilməsində Assosiasiyanın əhəmiyyətli rolunu xüsusi vurğulayıb, ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu bildirib.

Təmsil olunduqları qurumla Azərbaycan Prokurorluğu arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaqlar Azərbaycanın Beynəlxalq Prokurorlar Assosiasiyasında təmsilçiliyinin fəallığı və təşəbbüskarlığı, qurumun fəaliyyətinə verdiyi mühüm töhfələr və görülən digər səmərəli tədbirləri yüksək qiymətləndirilər.

Ölkə həyatının bütün sahələrində, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində respublikamızda həyata keçirilən tədbirlərin əhəmiyyəti nəzərə alınaraq quruma üzv dövlətlərin ədliyyə, prokurorluq və digər hüquq mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlərin keçirilməsi və təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb, qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Ölkəmizə səfəri çərçivəsində qonaqlar Bakının görməli yerləri ilə tanış olublar. Paytaxtın müasir görünüşü onlarda xoş təəssürat və böyük maraq doğurub.

Məhkəmə və prokurorluq orqanlarının infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərlə tanışlıq çərçivəsində qonaqlar Quba rayon məhkəməsi və prokurorluğunun inzibati binaları ilə tanış olub, məhkəmə fəaliyyətinin təkmilləşdilməsi üzrə aparılan genişmiqyaslı islahatları, hüquq mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işləri və əməkdaşlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirərək ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə aparılan tədbirlərdən məmnunluqlarını ifadə ediblər.

Səfərin sonunda qonaqlar 4 saylı Bakı "ASAN xidmət" mərkəzinə gələrək mərkəzin fəaliyyəti və vətəndaşlara göstərilən xidmət növləri ilə ətraflı tanış olub. Dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların razı salınmasına, şəffaflığın təmin edilməsinə, korrupsiya hallarının istisna olunmasına, müasir texnologiyaların tətbiqinə, dövlət məmuru-vətəndaş təmas nöqtələrinin minimuma endirilməsinə istiqamətlənmiş mərkəzlərin fəaliyyəti təqdirəlayiq hesab edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti