...

Azərbaycanda nəsli kəsilmək üzrə olan fauna növləri ilə bağlı seminar keçirilib (FOTO)

Cəmiyyət Materials 9 May 2015 14:09 (UTC +04:00)
2015-ci il 6-7 may tarixlərində IDEA İctimai Birliyinin Resurs Mərkəzində “Azərbaycanda nəsli kəsilmək üzrə olan fauna növləri və son zamanlar təsvir edilmiş yeni növlər” mövzusunda seminar təşkil edilib.
Azərbaycanda nəsli kəsilmək üzrə olan fauna növləri ilə bağlı seminar keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend/

2015-ci il 6-7 may tarixlərində IDEA İctimai Birliyinin Resurs Mərkəzində "Azərbaycanda nəsli kəsilmək üzrə olan fauna növləri və son zamanlar təsvir edilmiş yeni növlər" mövzusunda seminar təşkil edilib.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, nəzəri və praktiki hissələrdən ibarət olan seminarda coğrafiya, biologiya, ekologiya və digər oxşar ixtisaslar üzrə təhsil alan və ya bu sahələrdə çalışan 40-a yaxın gənc iştirak edib.

Seminarın nəzəri hissəsində ekspert qismində Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin direktoru Elşad Ələsgərov çıxış edib. Ekspert Azərbaycanda nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlər, onların müdafiəsi, Azərbaycanın məməli heyvanlar faunası barədə geniş mühazirə təqdim edib. Mühazirənin yekununda iştirakçılarla mövzu ətrafında müzakirələr və sual-cavab sessiyası keçirilib. Təşkil olunan seminar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və onların biliklərinin dərinləşməsinə xidmət edib.

Praktiki hissə zamanı isə iştirakçılar AMEA-nın Zoologiya İnstitutunun nəzdində olan Zooloji Muzeyi ziyarət edib, Azərbaycanın və dünyanın heyvanlar aləmindən müqəvva, skelet və kolleksiya şəklində hazırlanmış mindən çox eksponatla, həmçinin cücülərin fauna və sistematikası laboratoriyasında (Entomologiya laborotoriyası) həşərat faunası ilə yaxından tanış olublar.

IDEA mütəmadi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzulu filmlər və kurslar təşkil edir. Tədbirlər barədə elanlar ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (www.facebook.com/ideacampaign və http://instagram.com/idea_public_union) vasitəsilə çatdırlır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti