...

“Kütləvi çıxarış” kampaniyası Şamaxıda

Cəmiyyət Materials 15 May 2015 14:24 (UTC +04:00)
Şamaxı rayonunda kampaniya çərçivəsində 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar təqdim olunub.
“Kütləvi çıxarış” kampaniyası Şamaxıda

Azərbaycan, Bakı, 15 may /Trend/

Şamaxı rayonunda kampaniya çərçivəsində 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar təqdim olunub.

Əmlak Məsələləri Dövlət Komitəsinin sosial tədbiri olan və hər ay ardıcıl keçirilən "kütləvi çıxarış" kampaniyası yeni formatda bu dəfə Şamaxı rayonunda davam etdirilib. Kampaniya çərçivəsində rayon və şəhərlərdə, uzaq kənd və qəsəbələrdə rahat və çevik şəkildə vətəndaşlara daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim olunur və qeydiyyatla bağlı ilkin sənədlər qəbul edilir. Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu dəfə keçirilən kampaniyada rayonun bir sıra fiziki məhdudiyyətli vətəndaşları birbaşa öz evlərindəcə kampaniyadan faydalanıblar. Belə ki, komitənin mobil ofisləri (xüsusi nəqliyyat vasitələri) onların ünvanına gedib, qeydiyyatla bağlı ilkin sənədlər birbaşa evlərdə yoxlanılaraq qəbul edilib. Eyni zamanda, dövlət reyestrindən çıxarışlar bu təbəqədən olan vətəndaşlara elə onların mənzillərində təqdim olunub.

Kampaniya yeni formatda son 2 ayda Zaqatala və Beyləqanda keçirilib. Bütün bu yeniliklərin məqsədi xidmətlərdə əlçatanlığı təmin etmək və vətəndaş məmnunluğunun artırılmasına nail olmaqdır.
Xatırladaq ki, bu kampaniya Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2014-cü il tarixli Fərmanına uyğun olaraq həyata keçirilir. Belə ki, Fərmana əsasən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər hüquq təsdiq edən sənədlər kütləvi qaydada dövlət reyestrindən çıxarışlarla əvəz edilir.

Böyük əhali kütləsinin marağına səbəb olan kampaniya özünün sosial-iqtisadi faydalarını göstərməkdədir. Belə ki, kampaniya daşınmaz əmlakla bağlı alqı-satqı proseslərini intensivləşdirib. Kampaniya torpaq sahiblərinin, fermerlərin, kənd təsərrüfatı ilə məşğul olanların daşınmaz əmlakdan daha səmərəli istifadə etməsinə müsbət təsir edib. İpoteka, girov və daşınmaz əmlakla bağlı digər iqtisadi əməliyyatların artmasına səbəb olub. Kampaniyanın digər sosial faydası odur ki, vətəndaşlar çıxarış almaq üçün əlavə vaxt sərf etmir, ərazi idarələrinə getmək üçün nəqliyyat xərci çəkmir. Kampaniyanın hər ay keçirilməsi və əhatə dairəsinin genişlənməsi vətəndaş məmnunluğunun artması ilə nəticələnməkdədir.

Kampaniya çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli, Komitənin yeni Əsasnaməsini təsdiq edən Fərmanının həm qeydiyyat, həm də torpaq idarəçiliyi sahəsində vətəndaşlar üçün sosial əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu Fərmanın əsas üstünlüyü mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin tətbiqi, dövlət torpaq kadastrı, bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılmasıdır. Eyni zamanda, vətəndaşlara göstərilən qeydiyyat xidmətlərində əlverişlilik və operativliyin daha da artırılmasıdır. Bundan əlavə, Fərman torpaq sahələrinin istifadəsində dövlət nəzarətinin gücləndirilməsi və əhalinin torpaq sahələrindən istifadəsini daha da optimallaşdırmasını təmin edir. Vətəndaşlar artıq yalnız bir ünvana - komitənin müvafiq qurumuna gəlməklə rahat və çevik qaydada sənədləşdirmə prosesini həyata keçirə və dövlət reyestrindən çıxarışını əldə edə bilir. Kampaniyanın gedişində daşınmaz əmlakın və torpaqların vahid kadastrı, dövlət torpaqlarından istifadə və icarə, bələdiyyə torpaqlarının özəlləşdirilməsi barədə hüquqi izahlar verilib. Qeyd olunub ki, bütün bu yeniliklər torpaq sahələrinin istifadəsi və mülkiyyətçilik məsələlərində həm dövlət, həm də vətəndaş üçün daha dəqiq, səmərəli və şəffaf yanaşmaların tətbiqini təmin edir.

Kampaniyadan faydalanan vətəndaşlar artıq bir ünvanda aparılan qeydiyyat prosesindən, daşınmaz əmlak və torpaq sahələrinə çıxarışların alınmasında kadastr məsələlərinin bir ünvanda həll edilməsi və bu proses üçün əlavə vaxt itkisinin aradan qalxmasından razılıqlarını bildiriblər.

Şamaxı rayonunda kampaniya çərçivəsində 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar təqdim olunub. Eyni zamanda, 100-ə yaxın vətəndaşdan əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət hüququnu təsdiq edən sənədlər də çıxarışla əvəz olunması məqsədilə qəbul edilib.

Qeyd edək ki, bu kampaniya komitənin mobil ofis xidmətləri vasitəsilə həyata keçirilir. Bu xidmətlə bağlı komitənin rəsmi internet səhifəsində (vətəndaşlar üçün bölməsində) respublika üzrə fəaliyyət göstərən aylıq mobil ofis xidməti qrafiki yerləşdirilir. Maraqlı vətəndaşlar 148 saylı (daxili 5) çağrı mərkəzinə müraciət etməklə xidmətdən faydalana bilir.

İndiyədək kampaniya Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ, Şəki, Göygöl, Masallı, Zaqatala və Beyləqanda həyata keçirilib. Kampaniyadan bu günədək ümumilikdə 3300-ə yaxın vətəndaş faydalana bilib.

Kampaniyadan əlavə, mobil ofis xidmətləri çərçivəsində vətəndaşlara digər qeydiyyat xidmətləri də göstərilir. Belə xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi, daşınmaz əmlakın yüklülüyünə dair arayışların verilməsi ilə bağlıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti