...

Mülki aviasiya işçiləri adından Prezident İlham Əliyevə müraciət qəbul edilib

Cəmiyyət Materials 5 İyun 2015 18:45 (UTC +04:00)
Bu gün "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) hər il iyunun 2-də qeyd edilən mülki aviasiya işçilərinin peşə bayramına həsr edilmiş bayram tədbiri keçirilib.
Mülki aviasiya işçiləri adından Prezident İlham Əliyevə müraciət qəbul edilib

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Bu gün "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) hər il iyunun 2-də qeyd edilən mülki aviasiya işçilərinin peşə bayramına həsr edilmiş bayram tədbiri keçirilib.

AZAL-ın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov mülki aviasiya işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

C.Əsgərov ümummilli lider Heydər Əliyevin ölkənin mülki aviasiyasının inkişafında əvəzsiz rolunu qeyd edib, Prezident İlham Əliyevin Azərbaycan aviasiyasının inkişafına, infrastrukturun təkmilləşdirilməsinə və təyyarə parkının modernləşdirilməsinə göstərdiyi diqqət və qayğıdan danışıb.

AZAL-ın prezidenti qeyd edib ki, mülki aviasiyanın güclü və yüksək ixtisaslı milli kadrları formalaşıb, bu da ilk növbədə, Azərbaycan Milli Aviasiya Akademiyasının pedaqoqlarının və kollektivinin əməyinin nəticəsidir.

C.Əsgərov hazırda Azərbaycan mülki aviasiyasında pilotlar, mexaniklər, bortmühəndis nəslinin yetişməsi, gənc təyyarəçilərin böyük həvəslə valideynlərinin şanlı yolunu uğurla davam etdirməsi faktını müsbət qiymətləndirib.

"Azərbaycan Hava Yolları" QSC-nin prezidenti, həmçinin mülki aviasiyanın bütün strukturlarına I Avropa Oyunlarının keçirilməsi dövründə ölkəyə gələn turistlər və qonaqlara yüksək xidmətin göstərilməsinin təmin edilməsi ilə bağlı tapşırıqlarını verib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup aviatorun "Tərəqqi" medalı ilə mükafatlandırılması, eləcə də onlara "Əməkdar mühəndis" və "Əməkdar pilot" fəxri adlarının verilməsi haqqında 1 iyun 2015-ci il tarixli sərəncamı oxunub.

QSC-nin prezidenti C.Əsgərov onlara döş nişanları təqdim edərək aviasiya sahəsində peşəkar fəaliyyətinə görə təşəkkürünü bildirib.

Sonda mülki aviasiya işçiləri adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul edilib.

Müraciətdə deyilir: "Zati aliləri! Bu gün Azərbaycan Respublikasının Mülki Aviasiyasının həyatında əlamətdar bir gündür. 2 iyun 1938-ci ildə Azərbaycanda ilk aviasiya qrupunun yaradılmasının 77-ci ildönümü böyük təntənə ilə qeyd olunur. Sizin "2 iyun - Azərbaycan Mülki Aviasiya işçilərinin Peşə Bayramının keçirilməsi barədə" 18 may 2006-cı il tarixdə imzaladığınız sərəncama müvafiq olaraq bu hadisə bayram kimi həyata keçirilir.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş Azərbaycanın quruculuğu siyasəti respublika iqtisadiyyatının, habelə nəqliyyat sektorunun inkişaf surətinin durmadan artmasına səbəb olub. Möhtərəm Prezident, məhz Sizin tərəfinizdən bu siyasət uğurla davam etdirilir.

Ötən hər il milli aviasiyamızın sürətli inkişafı, yeni-yeni nailiyyətləri ilə yadda qalır. Azərbaycan Mülki Aviasiyasının 77-ci ildönümünü qeyd etdiyimiz 2015-ci il də bu baxımdan əlamətdar hadisələrlə zəngin olub. Sizin iştirakınızla aprelin 24-də regionda bənzəri olmayan Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksinin açılışı biz aviasiya işçilərinin böyük sevincinə səbəb olub.

"Azərbaycan Mülki Aviasiyasının ən vacib vəzifəsi uçuşların təhlükəsizliyini təmin etməkdir". Ümummilli liderimiz Heydər Əliyevin dediyi bu sözlər biz aviatorlar üçün artıq əsl fəaliyyət proqramıdır.

Müstəqillik qazandıqdan sonra respublikamızın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində bir sıra beynəlxalq aviareyslərin açılması və beynəlxalq aviasiya qurumlarına bərabərhüquqlu üzv qəbul olunmağımız məhz Sizin apardığınız ardıcıl xarici siyasətin nəticəsidir.

Daim uçuş coğrafiyasını genişləndirən və beynəlxalq aviaşirkətə çevrilən "Azərbaycan Hava Yolları" həm regionda, həm də MDB məkanında yeni aviareyslərin sayına görə liderlərdən biridir. Aviaparkımız "Airbus", "Boeing", "Embraer" kimi müasir təyyarələrlə zəngindir.

Möhtərəm cənab Prezident! Sizin Aviasiya işçiləri qarşısında qoyduğunuz vəzifələrə uyğun olaraq, mülki aviasiya qurumları beynəlxalq və regional təşkilatlarla, ayrı-ayrı ölkələrin mülki aviasiya təşkilatları ilə sıx əlaqələr saxlayır, mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiq edilməsi sahəsində ardıcıl iş aparır.

Sizi əmin edirik ki, bundan sonra da aviasiya işçiləri qarşısında qoyduğunuz vəzifələrin öhdəsindən gəlmək üçün bütün qüvvəmizi Azərbaycan Respublikasının daha da möhkəmlənməsi, zənginləşməsi və qüdrətli olması naminə səfərbərliyə alacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti