...

Ərəstun Mehdiyev: Mətbuatın üzərinə böyük missiya düşür (FOTO)

Cəmiyyət Materials 10 İyul 2015 12:20 (UTC +04:00)
Bu gün mətbuatın cəmiyyətimizdə tutduğu yer çox əhəmiyyətlidir. Onun üzərinə böyük missiya düşür.
Ərəstun Mehdiyev: Mətbuatın üzərinə böyük missiya düşür (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir İlkin İzzət/

"Bu gün mətbuatın cəmiyyətimizdə tutduğu yer çox əhəmiyyətlidir. Onun üzərinə böyük missiya düşür. Bu gün dövlət siyasəti də ona yönəlib ki, Azərbaycan mətbuatı inkişaf etsin, öz işini yeni dövrün tələblərinə görə qura bilsin. Bununla yanaşı, mətbuat da öz məsuliyyətini artırmalı, bu gün müzakirə etdiyimiz məsələlərlə bağlı bir çox aspektlərə diqqət yetirməlidir. Əminəm ki, Azərbaycan mətbuatı bu vəzifələrin öhdəsindən gələcək, 140 illik missiyanı bundan sonra da uğurla davam etdirəcək". Trend xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev "Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz" mövzusunda keçirilən konfransda deyib.

PA rəsmisinin sözlərinə görə, "Azərbaycan mətbuatı və milli-mənəvi dəyərlərimiz" mövzusu Azərbaycan mediasının keçdiyi tarix böyu aktual mövzu olub və geniş şəkildə işıqlandırılıb: "Mətbuat həmişə milli özünüdərk məsələsinə xüsusi diqqət yetirib. Mətbuat səhifələrində "Əkinçi"dən başlayaraq Azərbaycanın ailə dəyərləri, əxlaqi-mənəvi dəyərlər, həyat tarixi, davranış, mədəniyyət, folklor və digər mövzular müxtəlif dövrlərdə öz əksini tapıb. O dövrdən başlayaraq bu günədək müşahidə edirik ki, mədəniyyət, dünyagörüş, milli-mənəvi dəyərlər həmişə geniş şəkildə işıqlandırılıb".

Ə.Mehdiyevin fikrincə, müstəqillik illərində bu mövzu xüsusilə aktuallaşır: "Müstəqillik illərində rastlaşdığımız problemlər, informasiya texnologiyalarının inkişafı, qloballaşma, ucqar kəndlərdə belə informasiyanın əldə etmək imkanının genişlənməsi mədəniyyətlərin inkişaf etməsinə geniş imkan açır. Əgər biz dünyanı daha yaxşı dərk edə biliriksə, mədəniyyətlərin maneəsiz yayılması ilə də üzləşirik. Bunlar ölkəmizin milli-mənəvi dəyərlər toplusuna da öz təsirini göstərir. Biz isə öz növbəmizdə xalq üçün önəmli olan və gələcəyə addımlaması üçün həlledici rol oynayan dəyərləri əsas təməl baza kimi rolunu qoruyub saxlamağa çalışırıq. Təəssüf ki, elə olur ki, bizim üçün dəyərli olan prinsipləri, dəyərləri bu və ya digər şəkildə itiririk. Bu da hardasa obyektiv prosesdir. Bu mənada gənclərin yetişdirilməsində, xalq, millət olaraq mövqeyimizin qorunub saxlanılmasında mətbuatın rolu böyükdür".

Şöbə müdirinin müavini qeyd edib ki, həm mühüm mənbə rolunu oynayan, həm də təbliğat, maarifləndirici, təsir qüvvəsinə malik vasitə kimi mətbuat orqanlarının rolu böyükdür: "Bu gün biz müharibə şəraitində yaşayırıq. Azərbaycanın varlığını, həmrəyliyini, tolerantlığını qorumağı, gənclərin milli ruhda böyüməsini prioritet vəzifə olaraq önə çıxarmalıyıq. Bu məsələ bu gün dövlətin həyata keçirdiyi siyasətdə də öncül yer tutur. Bizə saxta, yad olan ünsürlərin aradan qaldırılması tam mümkün olmasa da, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, torpaqlarımızın azad edilməsi vacilbliyinin qabardılmasını daha da gücləndirməliyik. Bu mənada mətbuatın peşəkarlığı mühüm rol oynayır".

Qeyd edək ki, Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə bağlı hazırlanmış tədbirlər planına uyğun olaraq keçirilən tədbirin təşkilatçıları Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİV DF) və Mətbuat Şurasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti