...

Təklif: Azərbaycanda iki və üç ulduzlu hotellər tikmək üçün sahibkarlara güzəştlər verilsin

Cəmiyyət Materials 14 İyul 2015 16:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda iki və üç ulduzlu hotellər tikmək üçün sahibkarlara bəzi güzəştlərin verilməsi təklif edilir.

Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndi Trend-ə bildirib ki, Azərbaycanda brend hotellərin olması yaxşı hal olsa da, hotelçilik sahəsində kiçik və orta sahibkarlığı inkişaf etdirmək lazımdır: "Bunun üçün isə iki və üç ulduzlu hotellərin inşası üçün sahibkarlarda motivasiya yaratmaq lazımdır. Belə sahibkarlara yeni inşa olunan hotellərə görə vergi sistemində imtiyazlar verilməlidir. Ola bilər ki, açılışdan sonra ilkin mərhələdə bu imtiyazlar tətbiq edilsin. Bu müddət 1 və ya 2 il ola bilər".

Mütəxəssis hesab edir ki, belə sahibkarlardan kiçik dərəcə ilə vergi tutula bilər. Onun fikrincə, belə güzəştlər sahibkarları bu sahə üzrə biznes qurmağa həvəsləndirər: "Bu gün sahibkarlar daha çox dörd və beş ulduzlu hotellər tikməyə maraq göstərirlər. Ancaq belə güzəştlər olarsa, iki, üç ulduzlu hotellərə də maraq olar".

S.Dübəndi deyib ki, əgər Azərbaycan kütləvi turizmin inkişafında maraqlıdırsa, o zaman böyük iki, üç ulduzlu hotellər tikmək lazımdır: "Çünki bahalı hotellər hesabına kütləvi turizmi inkişaf etdirmək olmaz. Biz artıq bu problemlə üzləşirik. Gələn turist şikayət edir ki, yalnız aviabiletlərin qiyməti deyil, yaşayış qiymətləri də baha olur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti