Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İlhamə İsabalayeva/
Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin baş məsləhətçisi Tofiq Sadıxovun Trend-ə müsahibəsi
- Təhsil Nazirliyi bu günədək hansı elektron dərs rersurslarını istifadəyə verib? Yaxın gələcəkdə hansı resursların istifadəyə verilməsi planlaşdırılır?
Bu gün informasiya və rabitə texnologiyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri təlim fəaliyyətində şagirdlər tərəfindən kompüterdən effektiv istifadə edilməsidir. Bu fəaliyyətin həyata keçirilməsində əsas məsələ təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına imkan yaradan elektron dərs resurslarının yaradılmasıdır. Bu məsələ Təhsil Nazirliyinin qarşıya qoyduğu prioritet məsələlərdən biridir. Bu günə qədər elektron resurslar istiqamətində qısa müddətdə irimiqyaslı layihələrə başlanılıb. Yaradılan bütün elektron resurslardan istifadə rahatlığı üçün ümumi bir portal yaradılıb və resursların hamısı orada yerləşdirilib. Elektron resurs (e-resurs.edu.az) portalı şagird və müəllimlərin rahat istifadə etməsi üçün elektron resursları birləşdirən 9 bölməni özündə cəmləyir. İstifadəçilər bu portala daxil olaraq seçdikləri elektron resursdan rahatlıqla istifadə edə bilərlər.
Hazırda istifadəçilər e-resurs.edu.az portalında "elektron kitablar" (e-derslik.edu.az), "elektron testlər" (e-test.edu.az), "video dərslər" (video.edu.az), "elektron tapşırıqlar", "xarici elektron resurslar", "intellektual oyunlar" bölmələrinə daxil olub artıq istifadəyə verilmiş elektron resurslardan yararlana bilərlər. Bu bölmələrdəki resurslar artıq aktivdir və hazırda onların daha da təkmilləşdirilməsi prosesi gedir. Qeyd edim ki, təhsil portalında ( portal.edu.az) biologiya, fizika, kimya, riyaziyyat, informatika, coğrafiya və digər fənləri əhatə edən 200 elektron dərs resursu, video portalda isə (video.edu.az) müxtəlif fənləri və mövzuları əhatə edən 120 video dərs artıq hazırlanıb və yerləşdirilib.
Yaxın gələcəkdə isə portalda "e-telim" (e-telim.edu.az) və "e-sinif" (e-sinif.edu.az) bölmələri aktiv olacaq. Hər iki elektron resurs test mərhələsindədir və növbəti dərs ilində ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.
- Bu gün hansı elektron dərs resurlarından daha aktiv şəkildə istifadə edilir?
İstifadəyə verilən bütün yeni elektron dərs resursları şagird və müəllimlər tərəfindən, eləcə də ali məktəblərə hazırlaşan abituriyentlər tərəfindən maraqla qarşılanır. Bu resurslardan elektron dərsliklər (e-derslik.edu.az) və elektron test ( e-test.edu.az) resursları daha müntəzəm istifadə olunur. Təkcə e-derslik.edu.az portalında 25.000-dən artıq istifadəçi qeydiyyatdan keçib və aktiv şəkildə resurslardan istifadə edir.
- Bu gün elektron resurslara olan maraq qaneedici hesab edilə bilərmi?
- Qeyd etdiyim kimi, hazırda 25.000-dən çox istifadəçi elektron dərsliklər portalında qeydiyyatdan keçib. Portalın bu günə qədər 250.000-dən çox ziyarətçisi olub və bu rəqəm hər ay artır. Sosial şəbəkələrdə də elektron resurslarımızın səhifələri fəaliyyət göstərir. Şagird və müəllimlər həmin səhifələrdən elektron resurslarla bağlı yenilikləri əldə edə bilirlər. Elektron dərsliklər və elektron testlər portalı hər ay yenilənir, yeni dərsliklər əlavə olunur, yeni test sualları istifadəçilərin ixtiyarına verilir. Bu məlumatlar sosial şəbəkələrdəki səhifələrimiz vasitəsilə istifadəçilərə ötürülür. Facebook.com sosial şəbəkəsində elektron dərsliklərin 14.000-lik aktiv səhifəsi var və paylaşılan məlumatlar 50.000-60.000 istifadəçi tərəfindən izlənilir.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bugünkü statistik rəqəmlər elektron resurslara olan marağı qaneedici hesab etməyə imkan verir. Eyni zamanda, biz bu marağı istifadəçilərin elektron poçtumuza yazdıqları təklif və təşəkkürlərdən də görə bilirik. Ancaq biz düşünürük ki, növbəti dərs ilinin əvvəlindən başlayaraq bu elektron resurslara maraq nəzərəçarpacaq dərəcədə artacaq. Sentyabr ayına qədər portala yeni dərsliklər əlavə olunacaq. Daha iki fənn üzrə testlər toplusu yükləniləcək, "e-telim" və "e-sinif" aktivləşdiriləcək. Bunlar resurslara olan maraq və aktivliyin artmasına səbəb olacaq.
- Yaxın zamanlarda hansı elektron dərsliklərin istifadəyə verilməsi nəzərdə tutulur?
Hazırda I-IV və VI-VII siniflər üzrə Azərbaycan və Rus bölmələri üçün 66 ədəd dərsliyin elektron variantı hazırlanaraq e-derslik.edu.az portalına yerləşdirilib. Yaxın zamanlarda V və VIII sinif dərslikləri, sonrakı mərhələdə isə IX-XI sinif dərslikləri hazırlanaraq portala yerləşdiriləcək.
- Təhsil Nazirliyinin elektron resurslardan istifadənin genişləndirilməsi ilə bağlı hansı planları var?
Bununla bağlı bir sıra tədbirlər nəzərdə tutulub. Hazırda məktəblər yay tətilində olduğundan əsas gücü yeni dərsliklərin hazırlanması və resursların sayının artırılmasına yönəltmişik. Sentyabrın 15-dən sonra bu resursları Respublikanın ən ucqar kənd məktəblərində belə tanıyacaq və istifadə edəcəklər. Bunun üçün regionlara səfərlər, məktəblərdə müəllim, şagird və valideynlər üçün geniş təqdimatlar keçiriləcək. Əsas məqsədimiz yaradılan yeni resurslardan daha çox istifadəçinin yararlanmasına nail olmaqdır. Bununla yanaşı, resursların yaradılması yenə davam edəcək. Bu uzunmüddətli prosesdir və yeni sahə olduğu üçün görüləcək çoxlu işlərimiz və planlarımız var. Ötən illə müqayisədə bir illik müddətdə elektron resursların yaradılması istiqamətində kifayət qədər böyük işlərə start verilib. Bütün bunlar yaxın gələcəkdə öz məntiqi nəticəsini tapacaq, yaradılan elektron resurslar şagird və müəllimlərin gündəlik istifadə edəcəyi resurslara çevriləcək.