...

Azərbaycan təhlükəli xəstəliyə qarşı gücləndirilmiş tədbirlərə başladı

Cəmiyyət Materials 23 İyul 2015 13:51
Azərbaycanda koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Azərbaycan təhlükəli xəstəliyə qarşı gücləndirilmiş tədbirlərə başladı

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən 2012-ci ilin aprel ayından etibarən ilk dəfə Yaxın Şərq ölkələrində respirator sindromlu koronovirus (MERS-CoV) aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanıb. 2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanması baş verib və hazırda davam etməkdədir.

Ümumən bütün ölkələr üzrə 1,3 mindən artıq insan bu virusa yoluxub və onlardan 500-ə yaxını vəfat edib.

Qeyd olunanları nəzərə alaraq respublikada koronovirus xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə səhiyyə naziri O.Şirəliyev əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə koronovirus xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılması, kəskin respirator xəstəlik halları barədə məlumatın dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə verilməsi, şübhəli şəxslərdən götürülmüş nümunələrin Respublika Taun Əleyhinə Stansiyasına çatdırılması, xəstəliyin simptomatik müalicəsi uçun dərman preparatlarının ehtiyatının yaradılması, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi və s. əks olunub.

Məlumat üçün qeyd edək ki, ölkədə epidemioloji durum daim ciddi nəzarət altındadır, ölkəmizdə bu virusa yoluxma və ya şübhəli yoluxma halı aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti