Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu müsabiqəsi başa çatıb.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 18 573 nəfər iştirak edib, 2212 nəfər yüksək nəticə göstərərək vakant yer tutmaq hüququ qazanıb və müsahibəyə dəvət olunub. Müsahibənin nəticələrinə əsasən 1892 nəfərin işə qəbul olunmasına razılıq verilib.
Tutulan vakansiyalar daha çox Bakı şəhəri (345 yer), Cəlilabad rayonu (83 yer), Lerik rayonu (71 yer) üzrə olub. Vakansiyalar daha çox ibtidai sinif (335 yer), coğrafiya (206 yer) və kimya (156 yer) müəllimliyi üzrə tutulub.
İşə qəbul olunmasına razılıq verilmiş müəllimlər sentyabrın 1-dən başlayaraq müvafiq məktəblərə sənədlərini təqdim edərək pedaqoji fəaliyyətə başlayacaqlar.
Qaydalara müvafiq olaraq tutulmayan və imtina edilmiş vakant yerlərə avqustun 5-dən 10-dək əlavə yerləşdirmə aparılacaq. Əlavə yerləşdirmədə test imtahanlarında keçid balını toplayıb vakant yer tuta bilməyən, eləcə də tutduğu vakansiyadan imtina edənlər iştirak edə bilər.