Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir İlhamə İsabalayeva/
Bu gün Azərbaycanda demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi dövlətin həqiqətən də əsas prioritet məqsədlərindən biridir. Bunu Trend-ə millət vəkli Xanhüseyn Kazımlı Prezident İlham Əliyevin jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi faktının ölkədə söz və məlumat azadlığına təhdid kimi qiymətləndirilməsi, KİV azadlığı prinsipinin pozulmasının dövlətin maraqlarına zidd olması barədə söylədiyi fikrə münasibət bildirirərkən deyib.
X.Kazımlı bildirib ki, artıq hüquq-mühafizə orqanları bu faktla bağlı araşdırmalara başlayıb. Araşdırmalar nəticəsində günahkarların öz layiqli cəzasını alacaqlarına inandığını deyən deputatın sözlərinə görə, Prezident İlham Əliyev jurnalistlərə həmişə xüsusi qayğı ilə yanaşıb.
X.Kazımlı qeyd edib ki, bu il Azərbaycanda Milli Mətbuat Gününün 140 illiyinin dövlət səviyyəsində keçirilməsi, bir çox jurnalistlərin mükafatlandırılması Azərbaycan Prezidentinin KİV-ə xüsusi qayğı göstərməsini bir daha sübut edir: "Ulu öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinin dostu elan edilib. Həqiqətən də Prezident İlham Əliyev jurnalistlərin dostudur. Prezident bu gün jrunalistlərə münbit şəraitin yaradılması üçün dövlətdən nə asılıdırsa, hamısını edib və yenə də edir".
Qeyd edək ki, avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyev döyülüb və aldığı fiziki xəsarətlər nəticəsində dünən yerləşdiyi Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.
Azərbaycan Prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.