...

Hüquqşünas: Cavid Hüseynov azadlıqdan məhrum edilə bilər

Cəmiyyət Materials 11 Avqust 2015 12:06 (UTC +04:00)
Jurnalist Rasim Əliyevin ölümünə görə futbolçu Cavid Hüseynov 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.
Hüquqşünas: Cavid Hüseynov azadlıqdan məhrum edilə bilər

Azərbaycan, Bakı, 11 avqust /Trend, müxbir Elmir Murad/

Jurnalist Rasim Əliyevin ölümünə görə futbolçu Cavid Hüseynov 8 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Bunu Trend-ə açıqlamasında hüquqşünas Tağı Hüseynov deyib.

Onun sözlərinə görə, C. Hüseynovun ölümündən əvvəl mərhumla jurnalist arasında telefon danışığı olub: "R.Əliyevin anasının dediyinə görə, Cavid oğlu ilə Elşən İsmayılovun görüşməsini israrla istəyib".

Hüquşünas hesab edir ki, bu deyilənlər sübuta yetirilmiş olarsa, C.Hüseynov məsuliyyətə cəlb oluna bilər:

"Hazırda istintaq gedir. Təbii ki, ən son sözü hüquq-mühafizə orqanlarının əməkdaşları deyəcəklər. Amma proseslər göstərir ki, C. Hüseynov görüşü özü təşkil edib. Futbolçunun R. Əliyevlə telefonla danışaraq, onun bibisoğlu ilə görüşməsini istəməsindən bir dəqiqə sonra E.İsmayılov jurnalistə zəng edərək harda görüşəcəklərini soruşması şübhə doğurur. Amma bu, daha dəqiqliklə istintaq zamanı bilinəcək. Qeyd etdiyim kimi, bütün bunlar sübut olunmuş olarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə əsasən, C.Hüseynov məsuliyyətə cəlb oluna bilər".

İstənilən halda jurnalistlərə qarşı zor tətbiq etməni pisləyən T.Hüseynovun fikirincə, istintaq zamanı C.Hüseynovun bibisioğlunu jurnalistlə sadəcə görüşüb, danışmaları üçün göndərdiyi aydınlaşarsa, onda futbolçu cinayət məsuliyyətindən azad ola bilər:

"Hər şey istintaq və dindirilmələrdən sonra məlum olacaq. Dindirilmə zamanı C.Hüseynovla bibisoğlu E.İsmayılovun dedikləri üst-üstə düşərsə, sadəcə R.Əliyevlə danışmaq üçün getdikləri sübut olunmuş olarsa, C. Hüseynov günahsız hesab oluna bilər. Buna görə də o, cinayət məsuliyyətinə cəlb oluna bilməz".

Qeyd edək ki, avqustun 8-də "Qəbələ" klubunun futbolçusu C.Hüseynovun bibisioğlu E.İsmayılov tərəfindən döyülən jurnalist Rasim Əliyev avqustun 9-da ölüb.

Faktla bağlı cinayət işi açılıb. Hazırda hadisənin baş vermə səbəblərinin və iştirakçılarının tam dairəsinin müəyyənləşdirilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin istintaqı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin rəhbərliyinin xüsusi nəzarətindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti