...

QHT rəhbəri: Azərbaycanda aparılan gənclər siyasəti bizi vahid platforma yaratmağa həvəsləndirdi (MÜSAHİBƏ)

Cəmiyyət Materials 31 Avqust 2015 12:29 (UTC +04:00)
Azərbaycan Tələbələr Birliyinin (ATB) yaranması 2008-ci ilin 15 sentyabr tarixinə təsadüf edir. Belə ki, mən və iki nəfər digər təsisçi daha öncə gənclər təşkilatlarının təşkil etdiyi müxtəlif gənclər proqramlarında aktiv iştirak edirdik.
QHT rəhbəri: Azərbaycanda aparılan gənclər siyasəti bizi vahid platforma yaratmağa həvəsləndirdi (MÜSAHİBƏ)

Azərbaycan, Bakı, 31 avqust /Trend/

Trend Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanovun müsahibəsini təqdim edir

- Necə oldu ki, 7 il öncə Azərbaycan Tələbələr Birliyinin yaradılması zərurəti yarandı?

- Azərbaycan Tələbələr Birliyinin (ATB) yaranması 2008-ci ilin 15 sentyabr tarixinə təsadüf edir. Belə ki, mən və iki nəfər digər təsisçi daha öncə gənclər təşkilatlarının təşkil etdiyi müxtəlif gənclər proqramlarında aktiv iştirak edirdik. Misal üçün qeyd edə bilərəm ki, biz Gənclər üçün Təhsil Mərkəzinin British Council təşkilatı ilə birgə təşkil etdiyi "Sea of Friends" adlı proqramının iştirakçılarıydıq. O zaman xarici ölkələrə etdiyimiz səfərlər müddətində oradakı milli tələbə birliklərinin iş prinsipləri ilə yaxından tanış olmaq imkanı qazanmışdıq. Ölkəmizdə aparılan gənclər siyasəti, ölkə başçısı cənab İlham Əliyevin gənclərə verdiyi dəstək bizi də ölkəmizdə tələbələri heç bir sərhəd qoymadan birləşdirəcək vahid platforma yaratmağa həvəsləndirdi. Məhz belə bir şəraitdə mən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının birinci kursunda oxuduğum zaman ATB-ni təsis etdik.

Azərbaycan Tələbələr Birliyinin yaradılmasında əsas məqsəd tələbələrin vətəndaş cəmiyyətinin inkişafındakı rolunu artırmaqdır. Birlik tələbələrin təhsil, sosial, mədəni və iqtisadi maraqlarını müdafiə edir. Həmçinin, Birlik ölkəmizdə ilk dəfə dini, irqi, cinsi, milliyət fərqi qoymadan tələbələri öz ətrafında birləşdirməyi qarşısına məqsəd kimi qoyan ilk təşkilatdır.

- Bu gün Azərbaycan Tələbələr Birliyinin qazandığı uğurlar deyəndə, nələri qeyd etmək olar?

- Biz bu illər ərzində tələbələr üçün həyata keçirdiyimiz bütün layihələri uğurumuzun tərkib hissəsi sayırıq. Belə ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Avropa Komissiyasının Gənclər Proqramı və digər tərəfdaşların dəstəyi ilə həyata keçirdiyimiz onlarla layihələr çərçivəsində tələbə problemlərinin həlli, onların akademik və sosial həyatlarının daha da yaxşılaşdırılması, tələbələrin şəxsi inkişaf proseslərinin təmini kimi məsələlərə toxunmuşuq. Bu da birbaşa və ya dolayısı ilə tələbələrin müxtəlif problemlərinin həllinə şərait yaratmışdır ki, biz bunu öz uğurumuzun tərkib hissəsi kimi qeyd edə bilərik. Bundan başqa xarici ölkələrin müxtəlif gənclər təşkilatları, milli tələbə birlikləri, universitetləri ilə həyata keçirdiyimiz tələbələrin təcrübə mübadiləsi proqramları da ATB-nin bir neçə ildir ki, həyata keçirdiyi fəaliyyətlərdəndir. Bu fəaliyyətlərdən minlərlə gəncimizin yararlandığını söyləmək olar.

Azərbaycan Tələbələr Birliyinin beynəlxalq arenada qazandığı ən böyük uğur isə Avropada 37 ölkədən 45 milli tələbə birliyini birləşdirən Avropa Tələbələr Birliyinə tamhüquqlu üzv seçilməsidir. Bu Birlik Avropanın, hətta deyərdim dünyanın tələbələr sahəsində ən nüfuzlu qurumudur.

- Qeyd etdiniz ki, rəhbərik etdiyiniz qurum Avropa Tələbələr Birliyinin tam hüquqlu üzvüdür. Bu quruma üzvlük ölkəmizə nə kimi üstünlük gətirir?

- Avropa Tələbələr Birliyi dünyanın ən nüfuzlu tələbə təşkilatlarından sayılır. Bu təşkilat Avropa və dünya səviyyəsində tələbələrlə bağlı müxtəlif səviyyələrdə qərarvermə prosesində tələbələrin təmsilçiliyini təmin edir ki, Azərbaycan Tələbələr Birliyinin bura üzv olması da azərbaycanlı tələbələrinin bu proseslərdən kənarda qalmamasına, Avropa tələbə hərəkatına aktiv şəkildə qoşulmasına şərait yaradır.

Avropa Tələbələr Birliyi vaxtaşırı olaraq tələbələr arasında akademik və sosial tədqiqatlar aparır, tələbələrin nəyə ehtiyacı olduğunu öyrənir, daha sonra hazırlanmış hesabatlar Avropanın müxtəlif siyası və ictimai institutlarına təqdim edilir. Biz Azərbaycan Tələbələr Birliyi olaraq, bu tədqiqatlarda azərbaycanlı tələbələrin də yaxından iştirak etməsinə şərait yaradırıq. Bununla da Avropa səviyyəsində tələbələrlə bağlı hazırlanmış hesabatlarda ölkəmizin tələbələrinin də qatqısı olmuş olur.

Avropa Tələbələr Birliyinə üzvlük bizə Avropanın müxtəlif ölkələrindən olan tələbə birliklərinin təcrübəsini öyrənmək və onlarla birgə müxtəlif təcrübə mübadilə proqramlarını, layihələri həyata keçirmək imkanı verir. Biz bundan sonra da Avropanın müxtəlif ölkələrindən olan 45 milli tələbə birliyi ilə aktiv şəkildə birgə layihələr etmək niyyətindəyik. Çünki, bu prosesin tələbələrin cəmiyyətimizdə aktiv iştirakına təkan verdiyini düşünürük.

- Bu gün Azərbaycan tələbələrinin ictimai fəallığı Sizi qane edirmi?

- Deməzdim ki, ölkəmizdə olan 180 mindən çox ali və orta-ixtisas təhsil müəssisələrinin tələbələri yetərincə aktivdir. Yalnız son illərdə həyata keçirilən fəaliyyətlər, Cənab Prezidentin sərəncamı ilə yaradılmış Gənclər Fondunun tələbələrin fərdi layihələrini dəstəkləməsi, Gənclər və İdman Nazirliyinin təşkil etdiyi müxtəlif düşərgələr, digər tələbə təşkilatı olan ATGTİ-nin həyata keçirdiyi layihələr tələbələrin ictimai fəallığının artırılmasında önəmli rol oynamışdır. Amma, bu fəaliyyətlər davamlı olmalıdır ki, biz daha çox tələbəni ictimai həyata cəlb edə bilək. Tələbələrin ictimai fəallığı, həmçinin, onların öz təşəbbüskarlığından çox şey asılıdır. Buna görə mən bütün tələbələri aktiv olmağa, müxtəlif gənclər və tələbə təşkilatlarının işində yaxından iştirak etməyə çağırıram.

- Son bir neçə aydır ki, fəaliyyətiniz az nəzərə çarpır. Bunun xüsusi səbəbi varmı?

- Ölkəmizdə həyata keçirilən I Avropa Oyunları ilə əlaqədar Birlik olaraq çalışdıq ki, daha çox tələbə bu prosesdə könüllü kimi iştirak etsin, ona görə bu dövrdə hər hansı əlavə tədbir keçirməməyə qərar verdik. Həmçinin, yay tətili ilə əlaqədar Birliyin fəaliyyətində bir az durğunluq nəzərə çarpır. Yalnız bu hər yay baş verən prosesdir. Azərbaycan Tələbələr Birliyinin əsas hədəf qrupu tələbələr olduğu üçün yay dövründə fəaliyyətlərimiz qismən azalır, sentyabr-iyun aylarında isə bizim üçün aktiv dövr sayılır. Ona görə sentyabr ayından müxtəlif tədbir və layihələrlə tələbələrimizin qarşısına çıxacağımızı qeyd edə bilərəm.

- Hazırda nə kimi işlər görürsünüz?

- Hazırda həm Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, həm də Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən 2 layihəmiz icra olunmaqdadır. Bundan başqa, Birlik olaraq yeni tədris ili üçün iş planı üzərində çalışırıq. Birlik üçün yeni tədris ilində əsas 2 fəaliyyət istiqaməti müəyyənləşdirmişik. Bunlardan biri tələbələrin kiçik sahibkarlıq və karyera planlaşdırması məsələsində məlumatlandırmaq, ikincisi isə tələbələrimizin iştirak edəcəyi beynəlxalq layihələrə qoşulmaq və ya belə layihələri ölkəmizdə təşkil etmək. Ümid edirəm ki, bu iki istiqamət üzrə tələbələrimizin də aktiv iştirakını təmin etməklə böyük işlər görəcəyik.

Beynəlxalq layihələrin təşkil edilməsi Azərbaycan Tələbələr Birliyinin aktiv olduğu sahədir. 2014-cü ildə Birlik olaraq 10-a yaxın beynəlxalq layihə təşkil etmişik. Onu da qeyd edim ki, 2014-cü ildə Azərbaycan Tələbələr Birliyinin təşəbbüsü ilə 10 ölkənin ən aktiv gənclər təşkilatlarının iştirakı ilə Avropa Gənclərinin Mobillik Şəbəkəsi yaratmışıq. Biz bu Şəbəkənin də daha da aktivləşdirilməsi üçün müxtəlif işlər həyata keçirəcəyik.

- Hər il minlərlə gəncimiz tələbə adını qazanır. Onlarla ilk olaraq nə kimi işlər aparırsınız?

- Əsas olaraq çalışırıq ki, universitetlərdə yeni tələbə adını qazanan gənclərimiz ATB haqqında məlumat ala bilsinlər. Bu müxtəlif vasitələrlə təmin edilir. Digər bir fəaliyyətimiz isə tələbələrin hansı mövzu üzrə tədbirlərin keçirilməsini istəməsi, hansı fəaliyyəti vacib saymasını araşdırmaqdır. Bu araşdırma bizə öz fəaliyyətimizi daha düzgün, daha çox tələbəni cəlb edərək təşkil etməyə imkan verir. Yeni tədris ilində yeni tələbə adını qazanan gənclərimizlə tanış olmaq üçün universitetlərdə tanışlıq görüşlərinin keçirilməsini planlaşdırırıq.

- Xaricdə təhsil alan tələbələrimizin Azərbaycan Tələbələr Birliyində təmsil olunmaq imkanları varmı və bu istiqamətdə hər hansı işlər görürsünüzmü?

- Biz bir neçə il əvvəl "Xaricdə oxuyan tələbələrin təbliğat şəbəkəsinin yaradılması" adlı layihə həyata keçirmişdik. Bu layihə çərçivəsində xaricdə oxuyan tələbələrimiz vasitəsilə Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi, Azərbaycan tarixi və mədəniyyəti ilə bağlı xarici ölkələrin tələbə və akademik professor-müəllim heyətlərinin məlumatlandırılmasını təmin etmək niyyətindəydik. Bu layihənin ilkin fazası həyata keçirilmişdir. Müxtəlif tədbirlər və danışıqlar vasitəsilə şəbəkənin qurulma prosesini təmin edə bildik. İndiki halda layihənin davam etdirilməsi üçün müxtəlif işlər görürük. Ümid edirəm ki, bu layihə yeni tədris ilində Azərbaycan Tələbələr Birliyinin həyata keçirəcəyi ən önəmli layihələrdən biri olacaqdır.

Ümumiyyətlə onu qeyd edə bilərəm ki, xaricdə oxuyan tələbələrimiz Azərbaycan həqiqətlərinin, ölkə tarixi və mədəniyyətinin oxuduqları ölkələrdəki insanlara çatdırılması üçün daha çox iş görməlidirlər. Əgər, tələbələrimiz bu sahədə aktiv olsalar yeni dövrün informasiya müharibəsində Azərbaycan olaraq qazanan bizlər olacağıq. Biz də Birlik olaraq bu sahədə istənilən dəstəyi göstərməyə hazırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti