...

Azərbaycanda fənn olimpiadalarının qaliblərinə güzəştlər tətbiq edilə bilər

Cəmiyyət Materials 12 Sentyabr 2015 22:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda respublika fənn olimpiadalarının qalibi olan şagirdlər üçün gələcəkdə hansısa güzəştlər ola bilər. Bunu Trend-ə Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev deyib.

Nazirlik rəsmisinin sözlərinə görə, respublika fənn olimpiadalarında qalib olan şagirdlərin sayının artırılması bu gün Təhsil Nazirliyinin hədəflərindən biridir və buna da nail olunur: "Amma təbii ki, belə şagirdlərə gələcəkdə hansısa güzəştlər ola bilər. Hazırda bu məsələ müzakirə olunur. Amma onu da nəzərə almaq lazımdır ki, olimpiada qalibi olan şagird onsuz da öz istedadı ilə seçilir, buraxılış imtahanından azad edilmə onun həyatını bir o qədər də dəyişmir".

E.Əmrullayev bildirib ki, bəzi ölkələrdə respublika fənn olimpiadasında I yeri tutan şagirdlərin ali məktəblərə birbaşa qəbul olunma təcrübəsi var. Azərbaycanda da müəyyən qədər bu təcrübədən yararlanmaq olar: "Bır sıra ölkələrdə belə bir təcrübə var ki, fənn olimpiada qalibləri ali məktəblərə birbaşa qəbul olunurlar. Respublika olimpiadalarında I yeri tutanlar həmin fənn üzrə oxumaq istəyirlərsə, onlara belə imkan yaradılır. Müəyyən mənada bu təcrübədən yararlanmaq olar. Bu istiqamətlər üzrə hələ müəyyən işlər görülməlidir".

Şöbə müdiri əlavə edib ki, Təhsil Nazirliyi respublika olimpiada qaliblərinin dar istiqamət üzrə hazırlanmasını da düşünür.

Onun sözlərinə görə, bu il artıq iki məktəbdə - Fizika-Riyaziyyat və İnformatika Təmayüllü Respublika Lisey və Kimya-Biologiya Təmayüllü Respublika Liseydə Olimpiadaya Hazırlıq mərkəzləri yaradılıb. Oktyabrın 31-dək Azərbaycanın müxtəlif bölgələrindən aşağı və yuxarı yaş qrupları üzrə şagirdlərin həmin mərkəzlərə qəbulu üçün seçimlərin yekunlaşdırılması nəzərdə tutulur. Oktyabrda ilk seçimlər olduqdan sonra növbəti seçimlər yanvar, daha sonra mart və yekun olaraq, may ayında olacaq: "Beləliklə, ən yaxşılar seçilərək fəndən asılı olaraq beynəlxalq olimpiadaya aparılacaq. Problem odur ki, uşaqlar regionlarda olanda onları bir yerə toplamaq çətinlik yaradır. Ancaq həmin məktəblərin yataqxanası olduğundan və uşaqlar gündə 3 dəfə yeməklə təmin edildiyindən şagirdlər müəyyən bir yerdə toplaşıb daha sistemli şəkildə olimpiadaya hazırlaşa biləcəklər".

Beynəlxalq olimpiada qaliblərinin daha çox xaricdə təhsil proqramlarında uğurla iştirak etdiyini deyən nazirlik rəsmisinin sözlərinə görə, hazırda Təhsil Nazirliyinin əsas hədəfi beynəlxalq olimpiadada qazanılan medalların sayı və əyarıdır. Bu istiqamətdə də müsbət dinamika müşahidə edilir. Amma respublika fənn olimpiadası ilə bağlı nazirliyin hədəfi kütləvilik, yəni olimpiadaya daha çox şagirdin cəlb edilməsidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti