Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Gəncəvi adına Ədəbiyyat İnstitutu çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixinin dövrlərini yenidən müəyyən edib.
Akademiyadan Trend-ə verilən məlumata görə, akademik İ.Həbibbəylinin təqdim etdiyi Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin yeni konsepsiyası 10 mərhələni əhatə edir. Bu mərhələlər "Qədim dövr Azərbaycan ədəbiyyatı" (Mifoloji başlanğıc və xalq şeiri; Epos epoxası: ortaq türk abidələrindən milli bütövlüyə; Yazılı ədəbiyyata giriş (IX əsr), "Erkən intibah dövrü Azərbaycan ədəbiyyatı (X-XI əsrlər)", "İntibah dövrü Azərbaycan ədəbiyyatı (XII əsr)", "Orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər)", "Erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII əsrlər)", "Azərbaycan ədəbiyyatının maarifçi realizm dövrü (XIX əsr)", "Milli-demokratik hərəkat dövrü Azərbaycan ədəbiyyatı (XIX əsrin doxsanıncı illərindən 1937-ci il repressiyalarına qədər)", "Azərbaycan ədəbiyyatında sosialist realizmi mərhələsi (1920-1960-cı illər)", "Erkən ən yeni dövr və keçid dövrü Azərbaycan ədəbiyyatı (1960-1995)", "Azərbaycan ədəbiyyatının müstəqillik dövrü"dür.
AMEA Rəyasət Heyətinin son iclasında humanitar və ictimai elmlərə dair orta və ali məktəb dərsliklərinin hazırlanmasında akademik İsa Həbibbəylinin təklif etdiyi dövrləşdirilmə konsepsiyasından istifadənin nəzərə alınması barədə qərar təsdiq edilib. Həmçinin AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunda nəşrə hazırlanan "Azərbaycan ədəbiyyatı tarixi" oncildliyinin yazılmasında yeni konsepsiyaya istinad edilməsi, bundan əlavə "Azərbaycan tarixi", "Azərbaycan incəsənəti tarixi", "Azərbaycan fəlsəfə tarixi" və bu qəbildən olan başqa çoxcildliklərin hazırlanmasında vahid konsepsiyanın müəyyənləşdirilməsi barədə qərar qəbul olunub.