...

Rektor Elmar Qasımov BANM-nin Prezident təqaüdçüləri ilə görüşdü

Cəmiyyət Materials 29 Sentyabr 2015 11:25 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov bu Ali Məktəbə 690-700 bal arası yüksək nəticə göstərərək qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirib.
Rektor Elmar Qasımov BANM-nin Prezident təqaüdçüləri ilə görüşdü

Azərbaycan, Bakı, 29 sentyabr /Trend/

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Ali Məktəbə 690-700 bal arası yüksək nəticə göstərərək qəbul olan və Prezident təqaüdünə layiq görülən 17 tələbə ilə görüş keçirib.

BANM-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, tələbələri təbrik edən rektor Elmar Qasımov onların adının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "2015/2016-cı tədris ilində ali məktəblərə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında 14 sentyabr 2015-ci il tarixli Sərəncamı"nda öz əksini tapdığını vurğulayaraq, bunun çox əlamətdar və qürürverici hal olduğunu deyib.

Rektor bildirib ki, bu, tələbələrin əldə etdiyi çox böyük nailiyyətdir. Bakı Ali Neft Məktəbinə daxil olmağın hər bir tələbə üçün daim yeni üfüqlər açdığını, onlara həm təhsildə, həm həyatda, həm də gələcək karyerasında yeni-yeni uğurlar əldə etməyə zəmin yaratdığını xatırladıb.

Elmar Qasımov Azərbaycan gəncləri olaraq BANM-in Prezident təqaüdçüsü adını qazanan tələbələrinə nailiyyətlərinin sevincinin davamlı olmasını arzulayıb, valideynlərinə bu sevinci yaşatdıqları üçün onlara təşəkkür edib.

Prezident təqaüdünə layiq görülən tələbələrin bu uğurunda orta təhsil pilləsində oxuduqları məktəb, lisey və gimnaziyaların da müsbət rol oynadığını bildirən rektor E.Qasımov burada həmin təhsil müəssisələrinin rəhbərlərinin, o cümlədən müəllimlərinin də zəhmətinin olduğunu vurğulayıb.

Elmar Qasımov deyib ki, tələbələrin hər bir nailiyyəti Ali Məktəbin uğurudur və Azərbaycanın intellektual gəncliyinin məhz Bakı Ali Neft Məktəbində təhsi alması qürurverici və mühüm hadisədir. Ali Məktəbin rektoru, həmçinin, Bakı Ali Neft Məktəbində təhsil alan bütün tələbələrə müvəffəqiyyət, daim bilik, bacarıq və fəallıqları ilə seçilmələrini arzulayıb.

Xatırladaq ki, 2015/2016-cı tədris ilində BANM-ə qəbul olan tələbələrin içərisindən 690-700 bal arası yüksək nəticə göstərən tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Onlardan doqquz nəfəri "Neft-qaz mühəndisliyi", beş nəfər tələbə "Proseslərin avtomatlaşdırılması mühəndisliyi", üç nəfəri isə, "Kimya mühəndisliyi" ixtisaslarına qəbul olan tələbələrdir. Ümumilikdə, bu ilki qəbulda I qrup üzrə 25 Prezident təqaüdçüsündən 17-si hazırda BANM-də oxuyur. Bununla yanaşı, ötən tədris ilində də Bakı Ali Neft Məktəbinə qəbul olan tələbələrdən 17 nəfəri Prezident təqaüdünə layiq görülüb. Bununla yanaşı, 2015/2016-cı tədris ilində TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Bakı Ali Neft Məktəbi üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. Bu nəticə respublika üzrə ən yüksək nəticədir, hər üç ixtisas üzrə ötən illərə nisbətən bütün göstəricilərdə dinamika müşahidə olunub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən üçü Bakı Ali Neft Məktəbinə qəbul olub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Məqalədə:
Xəbər lenti

Xəbər lenti