...

Nazirliyin sifarişləri əsasında icra olunan layihələr 5500-dən çox şəxsi əhatə edib

Cəmiyyət Materials 30 Sentyabr 2015 16:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Cari ilin ötən dövründə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişləri əsasında ixtisaslaşmış QHT-lər tərəfindən sosial cəhətdən həssas qrupları, o cümlədən sağlamlıq imkanlar məhdud uşaqları əhatə edən reabilitasiya və sosial xidmət yönümlü 21 layihənin icrası həyata keçirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, layihələr çərçivəsində uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə ölkəmizin ayrı-ayrı rayonlarında (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə və s.) günərzi qayğı xidmətləri göstərilib. Sağlamlıq imkanları məhdud uşaqların sayı 1000 nəfərdən çox olan rayon və şəhərlərdə isə (Şəmkir, Biləsuvar, Cəlilabad, Xaçmaz, Masallı, Yardımlı və s.) həmin uşaqlara icma əsaslı sosial reabilitasiya xidmətlərinin göstərilməsi işləri aparılıb.

Həmçinin ƏƏSMN-in müvafiq istiqamətdə sosial sifarişinə uyğun olaraq, paralimpiyaçı idmançıların Bakı şəhərində keçirilən I Avropa Oyunlarına və 2016-cı il XV Rio-de-Janeyro Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar lisenziya yarışlarında iştirakının təmin edilməsi məqsədilə tədbirlər təşkil edilib. Digər layihələr əsasında əlilliyi olan şəxslərin respublikanın səfalı guşələrində yerləşən istirahət mərkəzlərində istirahətinin, habelə belə şəxslərin və sağlamlıq imkanlar məhdud uşaqların Türkiyədə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili təmin edilib.

Müvafiq layihələr üzrə 7 yaşadək uşaqlar arasında əlilliyin qarşısının alınması və sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, sağlamlıq imkanları məhdud uşaqlar üçün psixo-sosial dəstəyin, eşitmə və nitq qabiliyyəti olmayan uşaqlara surdoloji xidmətlərin göstərilməsi yönündə işlər görülüb. Nazirliyin sifarişləri əsasında sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi proqramlarla idman, incəsənət və xalq sənət növlərinin öyrədilməsinə yardım göstərilməsi, imtiyazlı şəxslərin sanatoriya-kurort və müalicə müəssisələrinə yollayışlarla təmin edilməsi, sosial təhlükəli vəziyyətdə olan kimsəsiz uşaqların (küçə uşaqları) sosial reabilitasiyası və s. istiqamətlərdə də layihələr icra olunub. Hazırda qeyd edilən layihələrin bir çoxu üzrə işlər davam etdirilir. Sosial sifarişlər üzrə icra olunan layihələr sosial cəhətdən həssas qruplara aid ümumilikdə 5,5 min nəfərdən çox şəxsin, o cümlədən 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud uşağın ehtiyac duyduqları xidmətlərlə təminatına şərait yaradıb.

ƏƏSMN tərəfindən sosial sifarişlər üzrə elan olunan müsabiqələr və onların nəticələrinə dair məlumatlar nazirliyin rəsmi internet saytının (www.mlspp.gov.az) ön səhifəsindəki "Sosial sifarişlər üzrə müsabiqələr" bölümündə yerləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti