...

Prokurorluq orqanlarının yaradılmasının 97-ci ildönümü və peşə bayramı təntənəli şəkildə qeyd edilib (FOTO)

Cəmiyyət Materials 1 Oktyabr 2015 17:25 (UTC +04:00)
Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin siyasi iradəsinə müvafiq olaraq 1998-ci ildən etibarən peşə bayramı gününü qeyd etmək imkanı əldə edən Azərbaycan Prokurorluğunun kollektivi oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 97-ci ildönümünü və peşə bayramını təntənəli şəkildə qeyd etmişdir.
Prokurorluq orqanlarının yaradılmasının 97-ci ildönümü və peşə bayramı təntənəli şəkildə qeyd edilib (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend/

Müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Heydər Əliyevin siyasi iradəsinə müvafiq olaraq 1998-ci ildən etibarən peşə bayramı gününü qeyd etmək imkanı əldə edən Azərbaycan Prokurorluğunun kollektivi oktyabrın 1-də milli prokurorluq orqanlarının yaradılmasının 97-ci ildönümünü və peşə bayramını təntənəli şəkildə qeyd etmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı şəhər prokurorluqları orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmiş, ümummilli liderimizin və Vətənimizin azadlığı uğurunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla yad etmişlər.

Sonra Baş Prokurorluqda "1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü" və milli prokurorluğun yaradılmasının 97-ci ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra Baş prokuror Zakir Qaralov peşə bayramı münasibətilə prokurorluq orqanlarında çalışan bütün əməkdaşları, veteranları, onların ailə üzvlərini təbrik etmişdir.

Xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 sentyabr 2015-ci il tarixli Sərəncamları ilə prokurorluq orqanlarının bir qrup əməkdaşı yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülmüşdür. Prokurorluq işçilərindən 25 nəfəri "İgidliyə görə" və "Dövlət qulluğunda fərqlənməyə görə" medalları ilə təltif edilmiş, 4 nəfərinə isə "III dərəcəli dövlət ədliyyə müşaviri" ali xüsusi rütbələri verilmişdir.

Göstərilən bu böyük etimad prokurorluq orqanlarının fəaliyyətinə, onun kollektivinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilərək Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından dövlət başçısına dərin minnətdarlıq və ehtiram ifadə olunmuşdur.

Diqqətə çatdırılmışdır ki, xalqının təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin 1993-cü ilin ikinci yarısından başlayaraq həyata keçirdiyi müdrik dövlətçilik siyasətinin nəticəsi olaraq, bütün digər qurumlarla yanaşı, Azərbaycan Prokurorluğu da demokratik məzmunlu dövlət təsisatı kimi tamamilə yenidən formalaşdırılmaqla, dövlətçiliyimizin mühüm sütunlarından birinə çevrilmiş, onun dövlətçiliyə sədaqəti ilə seçilən kadr korpusu yaradılmışdır. Azərbaycan Respublikasında reallaşdırılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində milli prokurorluq orqanları müasir məzmunda yeniləşdirilməklə, cəmiyyətdə statusuna uyğun yerini tutmuşdur.

Ümummilli liderin müəyyən etdiyi strateji inkişaf konsepsiyasını uğurla reallaşdıran və keyfiyyətcə yeni müstəviyə qaldıran dövlət başçısı cənab İlham Əliyevin Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, insan hüquqlarının və azadlıqlarının qorunmasına, demokratik təsisatların yaradılmasına yönələn siyasətin artıq öz bəhrəsini verdiyini diqqətə çatdıran Baş prokuror bildirmişdir ki, Azərbaycan Respublikasında son dövrlərdə ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial-iqtisadi islahatların reallaşdırılması, hərtərəfli düşünülmüş dövlət siyasətinin həyata keçirilməsi, ictimai-siyasi sabitliyin təmin olunması nəticəsində Azərbaycan beynəlxalq birliyin tam hüquqlu üzvü kimi layiq olduğu yerini tutmuşdur. Müsbət hal kimi qeyd olunmuşdur ki, Azərbaycan Respublikası digər sahələrlə yanaşı cinayətkalığa, o cümlədən korrupsiyaya qarşı mübarizə sahəsində öz təcrübəsini bölüşən bir ölkəyə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri müəyyənləşdirərək demişdir: "Əsas məqsədimiz-prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının yetişdirilməsidir. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir".

Qeyd edilmişdir ki, dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə və onun rəhbərliyi altında reallaşdırılan dövlət gənclər siyasətinin tələblərinə müvafiq olaraq, şəffaf prosedurlar əsasında prokurorluğun kadr korpusunun yeniləşdirilməsi istiqamətində məqsədyönlü işlər eyni intensivliklə davam etdirilir.

2002-ci ildən başlayaraq keçirilən müsabiqələr yolu ilə qulluğa qəbulun yeni əsaslarla təşkili nəticəsində işə götürülən 631 gənc hüquqşünasın Azərbaycan Respublikası Prokurorluğunun kadr korpusunun 56 faizini təşkil etməsi, növbəti müsabiqədən müvəffəqiyyətlə keçmiş 25 gənc mütəxəssisin prokurorluq orqanlarına işə qəbul olunması ölkə həyatının bütün sahələrində gənclərin əməyindən geniş istifadə olunması barədə dövlət başçısının göstərişlərinin icrasının nəticəsidir. Alternativi olmayan bu kadr seçimi vasitəsinin tətbiqi bundan sonra da davam etdiriləcəkdir.

Bildirilmişdir ki, Prezident cənab İlham Əliyevin 2008-ci il 27 sentyabr tarixli sərəncamı ilə "Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi milli prokurorluq orqanlarının hərtərəfli müasirləşməsi və işinin tam yeni müstəvidə qurulması baxımından müstəsna əhəmiyyətə malik bir addım olmuşdur. Üç illik müddət ərzində yeni təkmilləşmə və inkişafın, hərtərəfli müasirləşdirmə dövrünün əsasını qoyan bu proqram ölkənin hüquq sistemində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının yüksəldilməsi, yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin həyata keçirilməsi ilə nəticələnmişdir.

Azərbaycan Prokurorluğu orqanları ötən müddət ərzində ilk növbədə Daxili İşlər Nazirliyi və digər hüquq mühafizə orqanları ilə birlikdə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahələrində zəruri tədbirlərin görülməsini təmin etmişdir. Düzgün qurulmuş qarşılıqlı əlaqə kriminogen duruma effektiv nəzarəti təmin etməyə, onun səviyyəsini təhlükəsiz hədlərdə saxlamağa imkan vermişdir. Həyata keçirilmiş məqsədyönlü tədbirlərin nəticəsidir ki, Azərbaycan Respublikası MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkələrdən biri olaraq qalır.

Korrupsiyaya qarşı mübarizə sahəsində işin düzgün təşkilinə Prezident İlham Əliyev tərəfindən dövlət səviyyəsində göstərilən yüksək diqqətin nəticəsidir ki, ixtisaslaşdırılmış qurum kimi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin fəaliyyəti üçün əlverişli şərait yaradılmış, əməkdaşların sayı əhəmiyyətli dərəcədə artırılmaqla çevik fəaliyyəti təmin etməyə qadir yeni struktur formalaşdırılmış, MDB məkanında, habelə Azərbaycan tarixində ilk dəfə olaraq bu quruma əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyəti verilmiş, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və sair tədbirlər korrupsiya hallarının qarşısının alınması və onları doğuran səbəblərin aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlərin səmərəliliyini daha da artırmış, profilaktiki fəaliyyət və preventiv təsir imkanları daha da gücləndirilmişdir.

Əminlik ifadə olunmuşdur ki, öz peşə bayramını qeyd edən prokurorluq orqanları həmişə ölkəmizdə həyata keçirilən yeni məzmunlu mütərəqqi islahatların reallaşdırılması istiqamətində xidmət göstərəcək, digər dövlət təsisatları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin, dövlətçiliyimizin maraqlarının cinayətkar qəsdlərdən qorunması, cinayətkarlığa qarşı mübarizə və vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi işində yaxından iştirak edəcəkdir.

Sonda Baş prokuror Zakir Qaralov xidmətdə fərqlənən bir qrup prokurorluq əməkdaşına "Prokurorluğun fəxri işçisi" döş nişanı, Fəxri fərmanlar və rütbə dərəcələri təqdim etmişdir.

Mərasimin sonunda Azərbaycan Respublikası Prokurorluğunun kollektivi adından dövlət başçısı cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti