...

MSK treninqlərə başladı

Cəmiyyət Materials 7 Oktyabr 2015 10:04 (UTC +04:00)
Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Trenerlər üçün treninq”lərə başlanılıb.
MSK treninqlərə başladı

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Respublikasının Milli Məclisinə 2015-ci il noyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi proqramı çərçivəsində "Trenerlər üçün treninq"lərə başlanılıb.

Mərkəzi Seçki Komissiyasından Trend-ə verilən məlumata görə, cari ildə Milli Məclisə keçiriləcək seçkilərlə əlaqədar 2 mərhələli treninq layihəsi hazırlanıb. Artıq start verilmiş birinci mərhələdə treninqlərin seçki dairələrinin hər birindən 2 nəfərin iştirakı ilə keçirilməsi və 4 gün davam etməsi nəzərdə tutulur.

Əyani vəsaitlərdən istifadə edilməkə keçirilən "Trenerlər üçün treninq"də iştirakçılar səsvermə prosesi, seçki prosesində müstəsna hallar, səslərin sayılması, protokolların doldurulması da daxil olmaqla seçki günü prosedurları barədə məlumatlandırılır.

Tədbir zamanı həmçinin, MSK-nın Treninq qrupunun mütəxəssisləri tərəfindən seçki günü icra olunan müxtəlif prosedurlarla bağlı praktiki məşğələlər keçirilir, "Seçki günü məntəqə seçki komissiyalarının rol və vəzifələri", "Seçki günü prosesləri və müstəsna hallar", "Səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması" və "Əvvəlki treninqlərdə qazanılmış təcrübə, seçki dairələri üzrə treninqlərin formatı və təşkil olunması" mövzularında təqdimatlar edilir, müzakirələr aparılır və meydana çıxan suallar cavablandırılır.

Treninqlərin 2-ci mərhələsi olan aşağı seçki komissiyaları üzvlərinin treninqinə oktyabrın 12-dən başlanacaq və treninqlər mövcud seçki dairələri dairə seçki komissiyalarının inzibati binalarında baş tutacaq. Aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərin keyfiyyətinin daha da artırılması məqsədilə MSK-nın Treninq qrupu tərəfindən yerlərdə keçiriləcək treninqlərin cədvəli hazırlanıb və kiçik qruplar şəklində - hər treninq sessiyasında 36 nəfərədək komissiya üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulub. Bu mərhələ seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına müvafiq olaraq bir neçə həftə davam edəcək və treninqlər zamanı hər bir aşağı seçki komissiyası üzvünə MSK tərəfindən hazırlanmış "Seçki günü üçün Yaddaş" kitabçası, səsvermənin nəticələri haqqında protokol nümunəsi və bir sıra digər zəruri sənəd nümunələri təqdim olunacaq.

Genişmiqyaslı maarifləndirmə tədbiri olan treninqlər, ümumilikdə 30000-dən artıq aşağı seçki komissiyası üzvünü əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti