...

Qırmızı kitaba düşən heyvanı öldürən Astara sakini həbs edildi

Cəmiyyət Materials 12 Oktyabr 2015 11:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycanda qırmızı kitaba daxil edilmiş heyvanı öldürməkdə təqsirləndirilən şəxs həbs edilib.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, hadisə oktyabrın 8-də saat 22 radələrində baş verib. Belə ki, Astara rayonunun Sım kənd sakini,1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu tamah məqsədi ilə yaşadığı kənddə yerləşən meşə zonasında atasına məxsus ov tüfəngindən atəş açmaqla ovlanması tamamilə qadağan olunmuş Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabına daxil edilmiş bəbiri öldürüb.

Bundan sonra o, bəbirin dərisini oktyabrın 9-da Astara rayonunun Çükəş kəndində qohumu Səməd Fərəcovla birlikdə satmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.2.3-cü (qanunsuz ov etmə, ovlanması tamamilə qadağan edilmiş heyvanlara qarşı törədildikdə)maddəsi ilə cinayət işi başlanıb.

N.Böyükağazadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti