Azərbaycan, Bakı, 13 oktyabr /Trend, müxbir Elmir Murad/
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2015-ci ilin yanvar-sentyabr aylarında görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
Komitədən Trend-ə verilən məlumata görə, sədr Kərəm Həsənov müşavirəni açıq elan edərək bilidirib ki, prezident İlham Əliyev tərəfindən reallaşdırılan sosial-iqtisadi islahatlar çərçivəsində daşınmaz əmlak idarəçiliyinin təkmilləşdirilməsi sahəsində də ardıcıl tədbirlər həyata keçirilib.
Komitə sədri bildirilib ki, dövlət başçısı tərəfindən daşınmaz əmlak və torpaq münasibətlərinin tənzimlənməsində vahid idarəçiliyin və müasir yanaşmaların tətbiqi ilə bağlı komitə qarşısında yeni vəzifə və funksiyalar müəyyən edilib.
Ölkə prezidentinin tapşırıqlarına əsasən komitə tərəfindən fəaliyyət sahələrində şəffaflıq və operativliyin daha da artırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirilməsi davam etdirilib.
K.Həsənov qeyd edib ki, mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçiliyin təmin edilməsi məqsədilə qeydiyyat prosesində "bir pəncərə" prinsipinin tətbiqinə başlanılıb: "Bu isə, öz növbəsində sənədləşdirmə prosesində rahatlıq, operativlik və şəffaflığın kifayət qədər artmasına səbəb olmaqdadır. "Bir pəncərə" prinsipinin tətbiqi ilə bütün sənədləşdirmə prosesi, kadastr məsələləri, çöl-ölçmə işləri, texniki inventarlaşdırma, elektron və faktiki məlumatların dəqiqləşdirilməsi, torpaqların təyinatından irəli gələn tələblərə riayət olunması ilə bağlı məsələlər bir ünvanda həll olunur. Vətəndaş komitənin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarəsinə müraciət etdikdən sonra əvvəlki prosedura əsasən tələb olunan əlavə heç bir sənədləşdirmə işi ilə məşğul olmur və buna vaxt sərf etmir".
O, vurğulayıb ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti isə vətəndaşın iştirakı olmadan elektron qaydada fəaliyyətini komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti ilə əlaqələndirməklə sənədləşdirmə işini həyata keçirir. Bununla da, torpaqların ilkin qeydiyyatı zamanı bir neçə quruma müraciət etmək, uzun vaxt sərf etmək zərurəti aradan qalxıb.
Daşınmaz əmlakın qeydiyyatında çeviklik və müasirliyin artırılması məqsədi ilə 3 SMS xidmət istifadəyə verilib.
Qeyd edək ki, ümumilikdə isə komitənin fəaliyyət istiqamətləri üzrə göstərdiyi 31 elektron xidmət vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 260 minə yaxın elektron müraciət daxil olub.
Qeydiyyat sahəsində komitənin sosial tədbiri olan "Kütləvi çıxarış" kampaniyası çərçivəsində 5000-dən çox vətəndaşın mülkiyyət sənədləri dövlət reyestrindən çıxarışlarla əvəz edilib. Daşınmaz əmlakın qeydiyyatı sahəsində fəaliyyət göstərən mobil ofis xidmətləri vasitəsilə isə respublika üzrə vətəndaşlardan 74500-dən çox müraciət qəbul edilib.
Dövlət başçsının tapşırıqlarına əsasən ölkə üzrə torpaqların elektron uçotunun aparılması məqsədilə Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılması işinə başlanılıb. Azərbaycanın kadastr tarixində ilk dəfə olaraq, Bakı şəhərinin mükəmməl elektron kadastr məlumat bazası yaradılıb. Torpaqların uçotu sistemi və Bakı Kadastr layihəsi Milli Məkan Məlumatları İnfrastrukturunun tərkib hissəsidir. Bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bankının yaradılması istiqamətində işlər aparılır. Torpaqların elektron informasiya sisteminin yaradılması ilə bağlı mütərəqqi beynəlxalq təcrübə öyrənilir və bu prosesə beynəlxalq ekspertlər cəlb olunur. Vahid bazanın olması ölkə üzrə bir mərkəzdən torpaqların idarə olunması, mühafizəsi, istifadəsi üzrə kompleks tədbirləri həyata keçirməyə imkan yaradacaq. Respublikada torpaqların təyinatı, istifadə növü, kəmiyyət və keyfiyyət göstəriciləri üzrə dəqiq və müfəssəl kadastr uçotu təmin olunacaq. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatı işi daha da sadələşəcək. Daşınmaz əmlak (torpaq) bazarında əqdlərin (alqı-satqı, ipoteka və s.) həyata keçirilməsi prosesi sürətlənəcək. Əmlak (torpaq) üzərində hüquqların dövlət qeydiyyatı üçün davamlı, mükəmməl kadastr informasiya bazası yaradılacaq. Azərbaycan Respublikasının mükəmməl torpaq balansının tərtibini, torpaq münasibətlərinin təkmilləşdirilməsini, torpaqdan səmərəli istifadə olunmasını təmin edəcək.
Qeyd olunub ki, torpaq münasibətlərinin tənzimlənməsi və torpaq bazarının təşkilində aidiyyəti dövlət qurumları və bələdiyyələrlə fəaliyyətinin koordinasiyası ilə bağlı cari ilin iyul-avqust aylarında respublika üzrə regional İşgüzar Forumlar keçirilib.
Komitənin İKT strategiyasının tətbiqi və resursların səmərəli idarə edilməsi istiqamətində tədbirlər davam etdirilib. Beynəlxalq və yerli ekspertlər tərəfindən Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarəedilməsi İnformasiya Sisteminin hazırlanması istiqamətində işlər yekunlaşmaq üzrədir. Bakı şəhərində müasir dizaynlı və son nəsil yeni texnologiyalarla təchiz edilən İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin yeni inzibati binası tikilib. Eyni zamanda, Şamaxıda Ehtiyat Məlumat Mərkəzinin də tikintisi başa çatdırılıb.
Beynəlxalq əməkdaşlıq sahəsində Dünya Bankı, BMT-nin Avropa İqtisadi Komissiyası, Almaniyanın KfW Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Norveç Kadastr Təşkilatı, "Eurogeografics" təşkilatları ilə müxtəlif layihələrlə əməkdaşlıq davam etdirilib.
Qeyd olunub ki, Əmlak Məsələləri Dövlət Komitəsi ötən ildə olduğu kimi, bu il də növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. BMT Avropa İqtisadi Komissiyası və BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində 29-30 oktyabr tarixində 56 üzv dövlətin nümayəndəsinin iştirakı ilə "BMT AİK regionu üzrə daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu" mövzusunda beynəlxalq tədbir keçiriləcək.
Dünya Bankının dəstəyi ilə həyata keçirilmiş Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsinə toxunan komitə sədri bildirib ki, 2007-ci ildən icra olunmuş və bu il yekunlaşmış layihə çərçivəsində əhəmiyyətli tədbirlər görülmüş və layihə uğurla başa çatdırılmışdır. Bu ilin sentyabr ayında Dünya Bankı, müvafiq dövlət qurumları, ictimai təşkilatlar və mətbuat nümayəndələrinin iştirakı ilə Layihə çərçivəsində görülmüş işlər və əldə edilmiş nailiyyətlərə həsr olunmuş yekun ictimai təqdimat keçirilmişdir.
Müşavirədə bildirilib ki, 2015-ci ilin yanvar-sentyabr aylarında 540-a yaxın kiçik dövlət müəssisə və obyekti, 350-dən çox müəssisə və obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Keçirilmiş 37 pul hərracında 18 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. 360-dan çox qeyri-yaşayış sahəsi və 240-a yaxın torpaq sahəsi icarəyə verilmişdir. Hesabat dövründə 3 dövlət müəssisəsi investisiya müsabiqəsi vasitəsi ilə özəlləşdirilib.
İllik xüsusi hesabat formasını təqdim etməli olan səhmdar cəmiyyəti, dövlət müəssisə və təşkilatlarından ümumilikdə 5800-dən çox illik xüsusi hesabat forması qəbul edilmişdir. Bunlardan 4400-ə yaxını isə elektron formada təqdim edilmişdir. 220-dən çox səhmdar cəmiyyətindən inventarlaşdırma aktları qəbul edilərək təhlil edilib.
Vurğulanıb ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Qeyd olunub ki, bəzən torpaq sahələrinin üst qatının məhvedici istismarı hallarına rast gəlinir. Yaxud torpaqlarda təyinatına zidd olaraq süni göllər yaradılır, təsərrüfatlar salınır. Bu isə torpaqların keyfiyyət göstəricilərinin kəskin aşağı düşməsinə səbəb olur. Belə halların aradan qaldırılması məqsədilə ciddi nəzarət həyata keçirilir, pozuntu halları ilə bağlı qanunvericiliyə uyğun olaraq tədbirlər görülür.
Torpaq sahələrinin dəqiq sərhədlərinin təyin edilməsi, koordinat uyğunsuzluqlarının aradan qaldırılması istiqamətində daha effektiv tədbirlərin həyata keçirilməsinə başlanıb.
Respublika üzrə torpaq sahələrində, müəssisə və obyektlərdə zəbtolunma, qanunsuz tikinti, yenidənqurma və quraşdırma işlərinin aparılması hallarının aşkar olunması məqsədilə yoxlamalar həyata keçirilib. Dövlət mülkiyyətində olan torpaq sahələrinin səmərəli istifadəsinə nəzarət məqsədilə mütəmadi olaraq monitorinqlər aparılıb. Zəbtolunma, qeyri-qanuni və ya təyinatına zidd istifadə halları ilə bağlı sərt cəza tədbirləri həyata keçirilir. Belə ki, 140 fiziki və hüquqi şəxs barəsində inzibati protokol tərtib edilərək icraata götürülüb. Bu barədə qərar qəbul edilərək 151789 manat cərimə tətbiq olunub.
Komitə tərəfindən artıq torpaq müsabiqələrinin və hərraclarının keçirilməsinə başlanılıb. 150-dən çox torpaq sahəsi ilə bağlı keçiriləcək müsabiqə və hərraclar haqqında komitənin rəsmi mətbu orqanı "Mülkiyyət" qəzetində və rəsmi internet səhifəsində müvafiq elanlar verilib.
2015-ci ilin yanvar-sentyabr aylarında 145 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 28 minə yaxını ilkin, 117 mindən çoxu isə təkrar qeydiyyata aid olub. Hesabat dövründə 30 mindən çox ipoteka müqaviləsi qeydə alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 95 mindən çox yüklülük (məhdudiyyət) arayışı verilib ki, bunun da 70 minə yaxını onlayn üsulla həyata keçirilib. 2015-ci ilin yanvar-sentyabr ayları ərzində 98 mindən çox daşınmaz əmlaka dair texniki inventarlaşdırılma və çöl-ölçmə işləri aparılıb və texniki sənədlər tərtib edilib.
Qeyd edilib ki, hazırda ölkənin bütün ərazisinin elektron kadastr xəritələri hazırlanması istiqamətində işlər aparılır. Torpaq tədqiqatı, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilir. Respublikanın 3,5 mln ha ərazisində inzibati ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, bələdiyyə xaritələrinin hazırlanması işləri icra edilir. Belə ki, bu proses 1,8 mln. ha ərazidə artıq yekunlaşıb. Bildirilib ki, yaxın gələcəkdə kadastr xidmətləri elektron xidmətlər sırasına keçməklə, məmur vətəndaş ünsiyyəti minimuma enəcək. Vətəndaşların məkanla bağlı sənədləşdirmə işləri sadələşdiriləcək.
Eyni zamanda, Almaniya Hökumətinin maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində Şəki və Gəncənin tam ərazisini əhatə edən kadastr işləri icra olunur. 2016-cı ilin aprel ayında Gəncə və Şəki üzrə mükəmməl elektron kadastr məlumat bazasının yaradılması işi yekunlaşacaq.
Ünvan məlumatlarının Ünvan Reyestrinin İnformasiya Sisteminə inteqrasiya edilməsi istiqamətində işlərin icrası davam etdirilib.
2015-ci ilin yanvar-sentyabr aylarında komitə sədri tərəfindən regionlarda keçirilmiş 9 vətəndaş qəbulunda 359 vətəndaş qəbul edilərək müraciətlərinə baxılıb.
Komitə tərəfindən ötən dövr ərzində şəffaflıq və ictimai agahlıq tədbirləri davam etdirilmişdir. "Azərbaycanda daşınmaz əmlakın kadastrı və ünvan reyestri sistemləri: nailiyyətlər və perspektivlər" və "Daşınmaz əmlakla bağlı SMS xidmətlər: rahatlıq və çevikliyin təminatı" və "Azərbaycanda Daşınmaz Əmlakların Kütləvi Qiymətləndirilməsi Layihəsi" mövzularında İctimai Təqdimatlar keçirilmişdir. Yanvar və iyun aylarında Gəncədə "Açıq qapı" günü-vətəndaş forumları keçirilib.
Əmlak Məsələləri Dövlət Komitəsi üzrə çağrı mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər həyata keçirilib. Komitənin yeni yaradılmış tabeli qurumlarında çağrı mərkəzlərinin yaradılması istiqamətində işlər görülüb. Fəaliyyət sahələri üzrə vətəndaşların sorğularının operativ cavablandırılması məqsədi ilə komitənin çağrı mərkəzləri üzrə cəmi 7815 müraciət daxil olub və cavablandırılıb.
Komitə sədri müşavirədə qarşıda duran vəzifələrlə bağlı tapşırıqlarını verib. Torpaq münasibətləri və mülkiyyət hüquqlarının tənzimlənməsində vahid idarəçilik prinsipinin tətbiqində, torpaqların təyinatı üzrə istifadəsi və mühafizəsinə nəzarətin gücləndirilməsində daha səmərəli və operativ tədbirlərin görülməsi tapşırılıb.
Daşınmaz əmlakın, o cümlədən torpaqların qeydiyyatı, kadastrı və ünvan reyestri ilə bağlı tapşırıqlar səsləndirilib. Qeydiyyatın aparılmasında "bir pəncərə" prinsipinin tətbiqinin tam təmin olunması, vətəndaşların müraciətlərinin operativ həll edilməsi barədə tapşırıqlar verilib. Tapşırılıb ki, torpaqların elektron uçotu sisteminin yaradılması ilə bağlı işlər sürətləndirilməlidir. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı elektron xəritələrdən istifadə etməklə onların təyinatının müəyyənləşdirilməsi işinə nəzarət təmin olunmalıdır. Torpaq sahələrindən təyinatına zidd və əsassız istifadə, zəbtolunma hallarının qarşısı alınmalı, mühafizəsi və qorunması istiqamətində nəzarət tədbirləri gücləndirilməlidir. Mobil ofis xidməti, "Kütləvi çıxarış" kampaniyası, elektron və onlayn xidmətlərin göstərilməsində sosial amillərin təmin olunması diqqətdə saxlanılmalıdır. Kadr potensialının gücləndirilməsi, xidmət şəraitinin və işçilərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində daha operativ tədbirlər həyata keçirilməlidir.
Müşavirədə ayrı-ayrı struktur bölmə və qurum rəhbərlərinin görülən işlər barədə çıxışları olub və verilən suallar cavablandırılıb.