...

Azərbaycan ÜƏMT-nin Koordinasiya Komitəsinin və Proqram və Büdcə Komitəsinin üzvü, MHA-nın nümayəndəsi isə Müəllif Hüququna dair Müqaviləsinin Assambleyasının vitse-prezidenti seçildi

Cəmiyyət Materials 14 Oktyabr 2015 12:34 (UTC +04:00)
Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Koordinasiya Komitəsinin və Proqram və Büdcə Komitəsinin üzvü, Müəllif Hüquqları Agentliyinin nümayəndəsi isə ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsinin Assambleyasının vitse- prezidenti seçilib.
Azərbaycan ÜƏMT-nin Koordinasiya Komitəsinin və Proqram və Büdcə Komitəsinin üzvü, MHA-nın nümayəndəsi isə Müəllif Hüququna dair Müqaviləsinin Assambleyasının vitse-prezidenti seçildi

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikası Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Koordinasiya Komitəsinin və Proqram və Büdcə Komitəsinin üzvü, Müəllif Hüquqları Agentliyinin nümayəndəsi isə ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsinin Assambleyasının vitse-prezidenti seçilib.

Trend xəbər verir ki, cari ilin 5-14 oktyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Baş Assambleyasının 55-ci toplantısı keçirilir. Həmin tədbirdə sədr Kamran İmanovun rəhbərliyi ilə Müəllif Hüquqları Agentliyinin nümayəndə heyəti iştirak edib.

Toplantının ilk günü ÜƏMT-nin Baş direktoru Frensis Qarri təşkilatın fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və əldə olunmuş uğurlar barədə məlumat verib və son illər əqli mülkiyyətə marağın həddən çox artdığını və bunun ilk növbədə əqli mülkiyyətin, o cümlədən biliklərin, texnologiyaların və yaradıcılıq əməyinin nəticəsi olan məhsulların müasir iqtisadiyyatın nüvəsini təşkil etməsi, mədəniyyətin hərəkətverici qüvvəsi olması və informasiya cəmiyyətini dəstəkləməsi ilə əlaqədar olduğunu vurğulayıb.

Tədbirdə çıxış edən Regional qrup koordinatorlarının, həmçinin üzv-dövlətlərin nümayəndələrinin çıxışlarında da əqli mülkiyyətin müasir inkişafdakı roluna xüsusi diqqət yetirilib.

Səfər çərçivəsində oktyabrın 8-də ÜƏMT-nin Baş direktoru cənab F.Qarri ilə görüş keçirilib. Görüşdə Müəllif Hüquqları Agentliyinin nümayəndələri ilə yanaşı, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki Bölməsi və digər Beynəlxalq Təşkilatlar yanında Daimi Nümayəndəliyinin nümayəndələri iştirak ediblər.

F.Qarri ötən il ölkəmizə etdiyi səfəri, dövlət başçısı cənab İlham Əliyevlə unudulmaz görüşünü xatırladaraq, bunların ikitərəfli əməkdaşlığa böyük töhfə verdiyini vurğulayıb. Eyni zamanda Azərbaycanın dinamik inkişafını və Bakının gözəlliyini xüsusi qeyd edərək, ölkəmizdə əqli mülkiyət sahəsində görülmüş işlərə və əldə olunmuş nəticələrə yüksək dəyər verib.

K.İmanov görüşə görə təşəkkürünü bildirərək, ötən il Azərbaycan Respublikası Hökuməti ilə ÜƏMT arasında imzalanmış Anlaşma Memorandumunu xatırlatdı və Agentliyin müəllif hüququ (rəqəmli hüquqlar) üzrə yeni informasiya texnologiyaları nəzərə alınmaqla həyata keçirdiyi müasir işlər barədə danışıb.

O, F.Qarrinin bu yaxınlarda səsləndirdiyi "müəllif hüququnun məqsədi hər hansı və bütövlükdə əsərlərin yaradılması və yayılması ilə bağlı olan texnologiyalarla əməkdaşlıqda korporativ maraqların təşviqinə deyil, mədəni dinamizmin dəstəklənməsinə xidmət edir" fikrini yada salaraq bildirib: "Bununla bağlı Azərbaycanda rəqəmli hüquqların idarə edilməsi strukturu yaradılıb və bu, bir neçə vacib komponentlərin birləşməsindən ibarətdir: hüquq (özü də yeni internet platformaları nəzərə alan), infrastruktur, mədəniyyətdə baş verən dinamik dəyişikliklər, o cümlədən internet mədəniyyəti nəzərə alınmaqla, həmçinin ən yaxşı biznes modellər. Nəzəri araşdırmalara əsaslanan bu işlər hazırda implementasiya mərhələsindədir və bununla əlaqədar ÜƏMT-nin Qlobal məlumat bazası və Azərbaycan əsərlərinin rəqəmsal məlumat bazasının əlaqələndirilməsi çox səmərəli olardı. İnternetin transsərhəd və çoxyurisdiksiyalı olduğunu nəzərə alaraq, sözügedən bazaların uyğunlaşdırılması vacib məsələlərdən biridir".

Bu çərçivədə ÜƏMT Akademiyası və Agentliyin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi arasında əməkdaşlıq məsələləri də müzakirə olunub. Mərkəzdə müvafiq sahə üzrə mütəxəssislərin hazırlanması, yenidən təcrübə keçməsi, həmçinin hüquq sahibləri və istifadəçilərin hüquqi biliklərinin artırılması üçün hər cür şərait yaradıldığı nəzərə çatdırılıb. Müzakirələr zamanı, eyni zamanda ÜƏMT-nin həyata keçirdiyi proqramlar və təşəbbüslərə dəstək ifadə edilib.

F.Qarri qeyd olunanları çox yüksək qiymətləndirib və ÜƏMT-nin aidiyyəti strukturlarının rəhbərlərinə müvafiq göstərişlər verib.

Sessiyanın keçirildiyi günlərdə ÜƏMT-nin vəzifəli şəxsləri ilə keçirilən işçi görüşlərdə də müəllif-hüquq sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olundu və ölkəmiz üçün prioritet olan məsələlər önə çəkilib.

Bununla yanaşı, təşkilatın Keçid iqtisadiyyatlı və inkişaf etmiş ölkələr üzrə Departamentində cənab F.Qarrinin ötən ilin may ayında Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun icrasına dair Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə bağlı məsləhətləşmələr keçirilib və Müəllif Hüquqları Agentliyi və ÜƏMT tərəfindən 2016-cı ildə birgə əməkdaşlıqda keçirilməsi planlaşdırılan konfransların təxmini keçirilmə müddətləri müəyyən olunub.

ÜƏMT-nin rəhbər orqanlarına builki seçkilər zamanı Azərbaycan Respublikası ÜƏMT-nin fəaliyyətinin həyata keçirilməsində xüsusi rola malik olan Əlaqələndirmə (Koordinasiya) Komitəsinin və Proqram və Büdcə Komitəsinin 2 il müddətinə üzvü seçilib.

Bununla yanaşı, Müəllif Hüquqları Agentliyinin sədri K.İmanov iki il müddətinə ÜƏMT-nin Müəllif Hüququna dair Müqaviləsinin Assambleyasının vitse- prezidenti seçilib. Bu Müqavilə yeni rəqəmli erada müəllif hüquqlarının qorunmasına hüquqi təminat yaradan beynəlxalq sazişdir və hazırda 100-dən artıq dövlət ona qoşulub. Azərbaycan Respublikası 2006-cı ildən həmin Müqavilənin Tərəfidir.

Baş Assambleyanın iclaslarının keçirildiyi günlərdə eyni zamanda ölkəmizin daxil olduğu Regional qrup çərçivəsində ÜƏMT üzv-dövlətlərinin nümayəndələri ilə keçirilən görüşlərdə əməkdaşlıq məsələləri müzakirə edilib və Azərbaycanda əqli mülkiyyət sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər barədə məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti