Azərbaycan, Bakı, 14 oktyabr /Trend/
Dövlət başçısı cənab İlham Əliyevin oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında verdiyi tapşırıqlar Ədliyyə Nazirliyinin kollegiyasında struktur qurumların rəhbərlərinin iştirakı ilə müzakirə olunub, nazirliyin 9 ayda fəaliyyətinin yekunları təhlil edilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən kollegiya iclasında dövlət başçısının güclü siyasi iradəsi və rəhbərliyi ilə ölkəmizin dinamik iqtisadi inkişafı, ölkə iqtisadiyyatının və qeyri-neft sektorunun davamlı artımı, sosial və infrastruktur layihələrin uğurla icrası qeyd olunub, qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə bundan sonra da nail olunacağına əminlik ifadə edilib.
2015-ci ildə ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ölkə başçısının tapşırıqlarının icrası, o cümlədən nazirliyə həvalə edilmiş vəzifələrin layiqincə yerinə yetirilməsi üzrə xeyli işlər görülüb.
Nazirlik tərəfindən qanunyaradıcı fəaliyyətdə aktiv iştirak edilərək ölkəmizin iqtisadi inkişafına, əhalinin maddi və sosial vəziyyətinin yaxşılaşdırılmasına və s. yönəlmiş 568 qanunvericilik aktının layihəsi hazırlanıb, 1.822 layihə hüquqi ekspertizadan keçirilib. Eyni zamanda vətəndaşların mülki hüquq münasibətlərinin həllində mühüm rol oynayan notariat orqanlarında aparılan əməliyyatların sayı 2.5 milyona çatıb ki, bunun da 90%-dən çoxu ölkədə geniş tətbiq olunan xüsusi notariat institutunun payına düşür. Bütövlükdə dövlət büdcəsinə 27 milyon manat rüsum ödənilib.
Ədliyyə fəaliyyətində ictimaiyyətlə əlaqələrə böyük önəm verilir, vətəndaş cəmiyyətinin nümayəndələri nazirliyin tədbirlərində fəal iştirak edirlər. Gənclərin işlə təminatı da daim diqqət mərkəzində saxlanılaraq cari ildə 305 nəfər ədliyyə orqanlarına işə qəbul edilib. Hazırda ədliyyə orqanlarında çalışan işçilərin təxminən hər ikisindən birini gənclər təşkil edir. Bu günlərdə ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti açıq müsabiqə elan olunub.
Hesabat dövründə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, məhkəmə infrastrukturunun yenilənməsi üzrə tədbirlər uğurla davam olunaraq müasir tipli məhkəmə binalarında ölkə Prezidentinin sərəncamı ilə yaradılan "elektron məhkəmə" informasiya sisteminin sınaq rejimində tətbiqinə başlanılıb, həmçinin Bakı və Şəkidə möhtəşəm məhkəmə komplekslərinin tikintisi başa çatdırılıb, 9 məhkəmə üçün binaların inşası davam etdirilir.
Həmçinin qeyd olunub ki, ölkə Prezidentinin təşəbbüsü ilə yaradılaraq Azərbaycanın milli brendinə çevrilmiş, o cümlədən ədliyyənin müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət"in vətəndaş məmnunluğuna yönələn fəaliyyəti cəmiyyətimizdə böyük rəğbətlə qarşılanır və beynəlxalq aləmdə hədsiz maraq doğurur. Ötən dövr ərzində 6 milyon insanın faydalandığı bu xidmət çərçivəsində 1.5 milyon əməliyyat ədliyyə orqanları tərəfindən həyata keçirilib.
F.Məmmədov dövlət başçısının Nazirlər Kabinetinin iclasında maliyyə intizamının gücləndirilməsi, izafi xərclərə yol verilməməsi, büdcə vəsaitindən qənaətlə istifadə edilməsi, korrupsiya ilə mübarizənin daha da gücləndirilməsi, bu sahədə ictimai nəzarətin genişləndirilməsi, eləcə də ölkədə dayanıqlı inkişafın təmin olunmasında mühüm rol oynayan sahibkarlığın inkişafına süni maneələrin aradan qaldırılması və sahibkarlar qarşısında əsassız tələblərin qoyulmaması, yoxlamaların tənzimləmə mexanizmlərinin hazırlanması, yoxlamaların və lisenziyaların sayının kəskin şəkildə aşağı salınması barədə qəti tapşırıqlarını diqqətə çatdıraraq ədliyyə orqanlarının qarşısında duran vəzifələrin ölkə rəhbərinin tələbləri səviyyəsində qurulmasını tapşırıb.
İclasda sahibkarların hüquqlarının müdafiəsi, yoxlamaların azaldılması və bu sahədə əlavə təsirli mexanizmlərin müəyyən edilməsi, lisenziyaların sayının aşağı salınması və prosedurların daha da sadələşdirilməsi, məsuliyyət tədbirlərinin gücləndirilməsi üçün qanunvericiliyə yenidən baxılması, maarifləndirilmə tədbirlərinin və metodiki köməkliyin göstərilməsi işinin genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin qeyd olunub ki, sahibkarlıq sahəsində yoxlamaların aparılması üzrə reyestrdəki məlumatların təhlilinə əsasən əvvəlki illərə nisbətən cari ildə yoxlamaların sayı artıb, bu zaman bəzən müvafiq qanunvericiliyin tələblərinə dürüst əməl olunmur, sahibkarların maraqlarının qorunması sahəsində qüsurlara yol verilir. Bununla əlaqədar reyestrin aparılması işinin səmərəsinin artırılması, o cümlədən yoxlamaların qeydə alınmasında və keçirilməsində şəffaflığın və hesabatlılığın təmin edilməsi məqsədilə reyestrin fəaliyyətində ASAN imzanın və yeni proqram təminatının və qeydiyyat prosesinin tətbiqinin sürətləndirilməsi, habelə elektron sənədləşmənin dairəsinin genişləndirilməsi barədə və digər konkret tapşırıqlar verilib.
Kollegiyada, həmçinin vurğulanıb ki, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, insanlara layiqli xidmət göstərilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi ədliyyə orqanlarının fəaliyyətində daim rəhbər tutulmalıdır. Bununla əlaqədar şəffaflığın daha da artırılması, habelə elektron xidmətlərin tətbiqinin və elektron sənəd dövriyyəsinin genişləndirilməsi, ədliyyə fəaliyyətində "ASAN xidmət" praktikasından geniş istifadə olunması və müsbət model kimi beynəlxalq aləmdə təbliğ olunması, eləcə də əhali ilə daha çox təmasda olan ədliyyə qurumlarında vətəndaş məmnunluğunun yüksəldilməsi, ictimai rəyin öyrənilməsinə diqqətin artırılması və s. aidiyyəti tapşırıqlar verilib.
İclasda, həmçinin bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.