...

"Əhalinin məşğulluğunu artırmaq üçün kiçik və orta sahibkarlığı inkişaf etdirmək lazımdır"

Cəmiyyət Materials 16 Oktyabr 2015 17:44 (UTC +04:00)
Azərbaycanda əhalinin məşğulluğunun artırılması üçün ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək lazımdır.
"Əhalinin məşğulluğunu artırmaq üçün kiçik və orta sahibkarlığı inkişaf etdirmək lazımdır"

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda əhalinin məşğulluğunun artırılması üçün ilk növbədə kiçik və orta sahibkarlığı inkişaf etdirmək lazımdır. Bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev bildirib.

Onun sözlərinə görə, əhalinin məşğulluqla təminatında prioritet istiqamət qeyri-neft sektoru olmalıdır: "Ölkə Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, artıq dünyada yaranmış maliyyə, iqtisadi situasiya bizi Azərbaycanın özünün iqtisadi, sosial prioritetlərinə yenidən baxmağa vadar edir. Şübhəsiz ki, biz qeyri-neft sektorunu daha da inkişaf etdirməliyik. Əsas iş yerlərini də qeyri-neft sektorlarında axtarmalıyıq. Əhalinin məşğulluqla təminatında prioritet istiqamət qeyri-neft sektoru olmalıdır".

M.Quliyev qeyd edib ki, urbanizasiya proseslərinə də müsbət təsir göstərə bilməsi üçün bölgələrdə məşğulluq səviyyəsi artırılmalıdır: "Bundan ötrü, ilk növbədə, kiçik və orta sahibkarlığı inkişaf etdirmək lazımdır. Bu il 67 min daimi iş yerinin açılmasına rəğmən 30 min yeni iş yeri bağlanıb. Bu, çox ciddi bir faktdır. Çalışmaq lazımdır ki, iş yerlərinin bağlanmasının şahidi olmayaq. Əskinə, yeni iş yerlərinin açılmasının şahidi olaq. Təbii ki, bütün dünyada iş yerləri həm açılır, həm də bağlanır. Kütləvi şəkildə iş yerlərinin bağlanması işsizliyin artmasına gətirib çıxarır ki, bu da çox böyük problemlər yaradır".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zaman İlham Əliyev iş yerlərinin yaradılması prosesinin daim aparılmasının zəruriliyini bildirib: "Bu il 87 min yeni iş yeri yaradılmışdır ki, onlardan 67 mini daimi iş yeridir. Bu da gözəl göstəricidir. İş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Mən bunu dəfələrlə demişəm və biz iqtisadi inkişaf modelimizi buna uyğun şəkildə qurmalıyıq. Çünki Azərbaycanda iqtisadi inkişaf, sabitlik, xalqın rifahının artması nəticəsində çox müsbət demoqrafik vəziyyət yaranmışdır. Hər il yüz mindən çox insan doğulur və belə olan halda əlbəttə ki, gələcəkdə biz yeni iş yerlərinin yaradılması üçün əlavə tədbirlər görməliyik. Ona görə, bu sahədə də yeni inkişaf strategiyamız müəyyən edilməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti