...

Azərbaycan və Kosta-Rika diplomatların təlimi üzrə əməkdaşlıq edəcək

Cəmiyyət Materials 21 Oktyabr 2015 14:14 (UTC +04:00)
Azərbaycan və Kosta-Rika diplomatların təlimi üzrə əməkdaşlığa başlayır.
Azərbaycan və Kosta-Rika diplomatların təlimi üzrə əməkdaşlıq edəcək

Azərbaycan, Bakı, 21 oktyabr /Trend/

Azərbaycan və Kosta-Rika diplomatların təlimi üzrə əməkdaşlığa başlayır. "ADA"dan Trend-ə verilən məlumata görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən "ADA" Universiteti və Kosta-Rika Respublikasının Xarici İşlər və Etiqad Nazirliyi anlaşmışdılar.

Müvafiq memorandum Xarici İşlər Nazirinin müavini, ADA Universitetinin Rektoru, səfir Hafiz Paşayev və Kosta-Rika Respublikasının Xarici İşlər və Etiqad Naziri Manuel Qonzales Sanz tərəfindən imzalanıb.

Azərbaycanda səfərdə olan Kosta-Rikanın Xarici İşlər və Etiqad naziri Manuel Qonzales Sanzla görüş zamanı Universitetin Rektoru Hafiz Paşayev bildirib ki, Kosta-Rika və Azərbaycan iki inkişaf edən bölgənin tərkib hissəsidir. Ölkələrimiz, infrastruktur, təhsil, səhiyyə və digər sənayelərə artan sərmayə yatırdıqlarını nəzərə alaraq, bir çox sahələrdə təcrübə mübadiləsindən yararlana bilər.

Rektor H.Paşayev "ADA" Universitetində əcnəbi tələbələr üçün xüsusi təqaüd proqramı barədə də məlumat verərək qeyd edib ki, ADA-da 40 müxtəlif ölkəni təmsil edən tələbə heyəti arasında bu günə kimi Latın Amerikası bölgəsindən tələbələr təhsil alıblar. Burada həmçinin Kosta-Rikada fəaliyyət göstərən BMT-nin Sülh Universitetindən müəllimlər akademik mübadilədə iştirak ediblər. Səfir H.Paşayev Universitetin təhsil proqramları, eləcə də ənənəvi olaraq təşkil edilən Bakı Yay Enerji Məktəbi və Xəzər Hövzəsi Araşdırmaları təlim proqramına Kosta-Rikadan da müraciət etməyə dəvət edib.

Görüşdən sonra Kosta-Rikanın Xarici İşlər və Etiqad naziri Manuel Qonzales Sanz "ADA" Universiteti tələbələri qarşısında mühazirə ilə çıxış edib. Nazir ölkəsinin xarici siyasət prioritetləri, qlobal səhnədə baş verən hadisələrlə bağlı mövqeyi və Azərbaycana səfəri ilə bağlı təəsüratları ilə bölüşüb. Mühazirə Universitetin tələbə və müəllim heyəti ilə sual-cavabla davam etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti