Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Leyla Əliyeva "Mavi Dəniz Fondu"nun ("Blue Marine Foundation") dəniz faunası üzrə mütəxəssisi Rori Muru qəbul edib.
IDEA-dan Trend-ə verilən məlumata görə, Azərbaycana ezam edilmiş "Mavi Dəniz Fondu"nun dəniz biomüxtəlifliyi üzrə mütəxəssisi Rori Mur oktyabrın 26-da IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tərəfindən qəbul edilib.
Böyük Britaniyanın dünya şöhrətli dəniz ətraf mühitinin mühafizəsi təşkilatı olan "Mavi Dəniz Fondu"nun ("Blue Marine Foundation") sədri Çarlz Kloverin rəhbərlik etdiyi nümayəndə heyəti bu ilin fevral ayında IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın dəvəti əsasında Azərbaycana səfər edib. Səfər zamanı Xəzər dənizində ekoloji vəziyyəti müzakirə edilib və "Mavi Dəniz Fondu"nun aparıcı mütəxəssislərinin Xəzərin faunasının bərpasına cəlb olunması barədə razılıq əldə olunub.
Görüş zamanı Leyla Əliyeva IDEA tərəfindən regionun ətraf mühitinin mühafizəsi istiqamətində görülən işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Leyla Əliyeva Xəzərin ekoloji vəziyyətindən, xüsusilə də onun zəngin faunasının son zamanlar müşahidə olunan deqradasiyasından narahatlığını ifadə edib və vəziyyətdən çıxış yolu kimi beynəlxalq təcrübədən yararlanmağın vacibliyini bildirib. Bu məqsədlə, IDEA tərəfindən dəniz ətraf mühiti üzrə ixtisaslaşmış aparıcı beynəlxalq mütəxəssislərlə sıx şəkildə əməkdaşlıq edilir.
Rori Mur öz növbəsində Azərbaycanın ənənəvi olaraq, zəngin balıq ehtiyatları ilə məşhur olduğunu və bu səbəbdən ölkəmizdə bu sahənin inkişafı üçün əlverişli potensialın olduğunu qeyd edib. Britaniyalı mütəxəssis bildirib ki, hazırkı səfəri çərçivəsində Xəzər dənizi və daxili sulardakı balıq ehtiyatları, eləcə də ölkəmizin balıq sənayesindəki vəziyyəti təhlil edəcək və bununla bağlı ətraflı hesabat tərtib edərək, IDEA İctimai Birliyinə təqdim edəcək. Hesabatda, həmçinin Xəzərin biomüxtəlifliyinin bərpası üzrə tövsiyələr də əks olunacaq. Rori Mur vəziyyətin yaxşılaşdırılması üçün müasir texnologiyaların tətbiqi və elmi metodlardan istifadə etməyin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
"Mavi Dəniz Fondu" 2010-cu ildə dəniz ətraf mühitinin mühafizəsi və okeanların üzləşdiyi təhlükələrin qarşısını almaq məqsədilə təsis edilib. Fondun missiyası 2020-ci ilə qədər qoruqlar yaratmaqla, okeanların 10 faizinin səmərəli mühafizəsinə nail olmaqdır.