Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
46 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd Rafael Cəbrayılov növbəti görüşünü şəhid ailələri ilə keçirib.
Rafael Cəbrayılovun seçki qərargahının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ilk öncə namizəd Şirvan şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib.
Daha sonra şəhid ailələri ilə görüşən namizəd çıxışına şəhidlərə rəhmət və dualar etməklə başladı. Seçkilərdə fəal olmağa və layiqli namizədə səs verməyə dəvət edən Rafael Cəbrayılov , şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanıb.
Şəhid ailəri çıxış edərək dövlətin onlara göstərdikləri diqqət və qayğıdan danışmaqla yanaşı müəyyən məsələlərin həllində bəzi təkliflər veriblər. Şəhid ailələri R.Cəbrayılova dəstək olduqlarını və bütün şəhid ailələrinin 1 noyabr tarixində səs verəcəklərini bildiriblər.
R.Cəbrayılov verilən təklifləri nəzərdə saxladığını, etimad qazanıb deputat seçildikdən sonra, səlahiyyətləri çərçivəsində həmin məsələlərin həlli istiqamətində köməklik göstərəcəyini bildirib.