...

Azərbaycan bayrağı: 70 illik ay-ulduz həsrəti, əbədi əsər

Cəmiyyət Materials 9 Noyabr 2015 16:41 (UTC +04:00)
Bayraq millətin, dövlətin var olduğunu təsdiq edən bir nömrəli sənəddir.
Azərbaycan bayrağı: 70 illik ay-ulduz həsrəti, əbədi əsər

Bəxtiyar Hacıyev - Trend:

Bayraq millətin, dövlətin var olduğunu təsdiq edən bir nömrəli sənəddir. Muzeylərdə toz basmırsa, ən yüksək yerlərdən dalğalanırsa, deməli, bu bayrağın sahibi olan millət hələ yaşayır...

Azərbaycan bayrağı! Əslində, o qədər geniş mövzudur ki, haradan başlayıb harada qurtaracağına, hansı məqamları yazıb hansı məqamları ixtisara salacağına qərar verməkdə çətinlik çəkirsən. Tarixə qısa nəzər salaq.

Tarixi Azərbaycan dövlətlərinin müxtəlif illərdə müxtəlif bayraqlarından bəhs etsək, mövzu daha da genişlənəcək. Odur ki, adında rəsmi olaraq "Azərbaycan" sözü olan dövlətin - 1918-ci il mayın 28-də qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağından başlayaq. Ümumiyyətlə, "Azərbaycan bayrağı" deyiləndə ilk ağıla gələn məhz Cümhuriyyət dövrü olur. Bu da təsadüfi deyil. Çünki fəxr və qürur mənbəyimiz olan üçrəngli Azərbaycan bayrağı məhz Cümhuriyyətin əbədi əsəridir.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağının ömrü qısa olub: 21 iyun 1918-ci il - 9 noyabr 1918-ci il. Ağ aypara və səkkizguşəli ulduzdan ibarət bu al bayraq 9 noyabr 1918-ci ildən müasir bayrağımızla əvəzlənib.

1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskinin imzaladığı milli bayraq haqqında qərarda deyilirdi ki, milli bayraq kimi göy, yaşıl və qırmızı rənglərdən, ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bayraq qəbul edilsin.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, sovet hakimiyyəti quruldu və bu bayraqdan imtina edildi. Bu üçrəngli bayraq növbəti dəfə 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edildi və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edildi. Həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət də qaldırdı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan MR Ali Məclisinin vəsatətinə baxdı və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi.

"...Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı,
Bir türk oğlu olmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,
Mədəniyyət bulmalı.

Yaşıl boya islamlığın sarsılmayan imanı,
Ürəklərə dolmalı!.." (Cəfər Cabbarlının "Azərbaycan bayrağına" şeirindən bir parça)

Sovet hakimiyyəti illərində, yəni 70 il ərzində düz 6 dəfə dəyişikliyə məruz qalan bayrağımız isə əsasən qırmızı fonda çəkicli-oraqlı oldu. Lakin sovet Azərbaycanının ilk bayrağını unutmamalıyıq. Qırmızı fonda sarı aypara və beşguşəli ulduzdan ibarət ilk sovet bayrağımız yalnız 1920-1921-ci illərdə istifadə olundu. 1921-ci ildən sonra - düz 70 il Azərbaycan bayrağı ay-ulduza həsrət qaldı...

Bu gün Bayraq bayramıdır. Ən təmtəraqla qeyd olunmağa layiq milli bayram elə bu bayramdır. Çünki bu üçrəngli bayrağımız milli birliyin, milli qeyrətin rəmzidir, dünyaya səpələnmiş milyonlarla azərbaycanlını birləşdirmək gücündədir.

Bu bayraq xalqımızın tarixi keçmişi, bu günü, gələcəyidir. Bu bayraq xalqın sevincli, kədərli, fərəhli günlərinin şahididir. Bu bayraq Vətən uğrunda canlarından keçən şəhidlərin xatirəsini yaşadır.

Və əminik ki, ÜÇRƏNGLİ BAYRAĞIMIZ GEC-TEZ QARABAĞDA DALĞALANACAQ!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti