Azərbaycan, Bakı, 12 noyabr /Trend/
Son bir ayda vətəndaş müraciətlərinin araşdırılması zamanı aşkar olunan əmək qanunvericiliyinin pozulması hallarının sayı ötən ilin oktyabr ayı ilə müqayisədə 23,5 faiz, cari ilin sentyabr ayı ilə müqayisədə isə 17,1 faiz azalaraq 1494-ə enib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ümumilikdə, cari ilin 10 ayında belə hüquq pozuntularının sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,1 faiz azalma özünü göstərib.
Əmək qanunvericiliyinin tələblərinə əməl edilməməsi hallarının əsasən topdansatış, tikinti, ticarət, ictimai iaşə sahələrində özünü göstərdiyi müəyyən edilib.
Aşkar edilən hüquq pozuntularının qısa müddətdə aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görülüb, işçilərin əmək hüquqlarının pozulması hallarının bir daha təkrarlanmaması üçün aidiyyəti işəgötürənlərlə izahat işləri aparılıb.