Azərbaycan, Bakı, 13 noyabr /Trend/
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Mingəçevir su anbarında görülən işlərlə yerində tanış olmaq məqsədilə bu gün həmin ərazidə olub.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, nazirliyin Su Ehtiyatları Dövlət Agentliyi və Mingəçevir Şəhər İcra Hakimiyyətinin nümayəndələrinin də iştirak etdiyi səfər zamanı Yaponiyanın "OYO Corporation" və "Shinyei Kaisha" şirkətlərinin mütəxəssisləri ərazidə icrası nəzərdə tutulan hidrotexniki qurğularda texniki təhlükəsizliyin qiymətləndirilməsi üzrə layihə barədə məlumat verib. Bildirilib ki, layihə üzrə hidrotexniki qurğuların vəziyyətinə nəzarət etmək üçün nəzarət-ölçü cihazlarının quraşdırılması, seysmoloji müşahidə şəbəkəsinin qurulması və dalğalanma nəticəsində yaranan vibrasiyasının öyrənilməsi, qurğuların istismar qaydalarının və təhlükəsizlik bəyannamələrinin yenidən işlənib hazırlanması, texniki nəzarət üzrə yerli mütəxəssislər üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.
K.Heydərov həyata keçirilən və icrası nəzərdə tutulan tədbirlərin əhəmiyyətini qeyd etmiş, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılmasının vacibliyini bildirib.