...

DSMF sədri Ağcabədidə qəbul keçirib

Cəmiyyət Materials 19 Noyabr 2015 12:36 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Ağcabədidə 5 rayonun sakinləri üçün qəbul keçirib.
DSMF sədri Ağcabədidə qəbul keçirib

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev Ağcabədidə 5 rayonun sakinləri üçün qəbul keçirib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, E.Mehdiyev noyabrın 19-da Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib. Fond sədrinin qəbulunda iştirak edən Ağcabədi, Beyləqan, Bərdə, Zərdab və Laçın rayonlarının sakinləri əsasən pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin, eləcə də müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına daxil edilməsi ilə bağlı müraciətlər ediblər.

Görüş zamanı həmçinin, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər dinlənilib.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunub.

Fondun məsul əməkdaşlarının, o cümlədən Ağcabədi, Beyləqan, Bərdə, Zərdab və Laçın rayonlarının şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb. "Açıq qapı" şəraitində davam etdirilən görüşdə Fondun sədri E.Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyatı orqanlara müraciət edilməsi qərara alınıb.

Qəbulda iştirak edən sakinlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq yerlərdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını bildirərək, pensiyaçılara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını ifadə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti