...

Azərbaycan 5 yeni teplovoz alacaq

Cəmiyyət Materials 19 Noyabr 2015 13:15 (UTC +04:00)

Bakı. Elmir Murad - Trend:

Azərbaycan Qazaxıstandan 5 yeni teplovoz alacaq. Bunu Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov bildirib.

N.Əzməmmədovun sözlərinə görə, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin balansında istismar olunan lokomotivlərin istismar müddətinin keçməsini nəzərə alaraq, inventar parkının yeniləşdirilməsi çərçivəsində Qazaxıstanın "Lokomotiv quraşdırma" Səhmdar Cəmiyyəti arasında 10 ədəd yeni istehsal edilmiş, yükdaşımada istismar edilməsi nəzərdə tutulan TE33A "Evalution" tipli teplovozun alınması üçün müqavilə imzalanıb.

TE33A "Evalution" tipli teplovoz müasirliyi ilə yanaşı, dizel yanacağının sərfiyyatına görə iqtisadi cəhətdən sərfəli, 6 oxlu, 2 kabinalı, dəyişən cərəyanla işləyən asinxron dartı mühərriki ilə təchiz edilmiş, çəkisi 138 ton, gücü (4400 at gücü) 3356 kVt-dır.

Qeyd edək ki, bu teplovozların birincisi 3 avqust 2015-ci ildə Çin Xalq Respublkasının Şixezi şəhərindən çıxan ilk konteyner qatarı Azərbaycana gələndə ölkəmizə gətirilib.

Həmin teplovozlardan 5 (beş) ədədi artıq Azərbaycana gətirilib, yerli şəraitə uyğun olaraq sınaqdan çıxarılmış, teplovoz maşinistlərinə yeni texnikanın idarə edilməsi öyrədilib.

Bu teplovozların istismarı zamanı müəyyən edilmişdir ki, 2TE10M seriyalı magistral teplovozlarla müqayisədə dizel yanacağına 30-35 faiz qənaət etməklə sahə üzrə 3200 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.

Bundan başqa "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə Estoniyanın "Hanseatic Rail LLC" şirkəti arasında bağlanmış müqaviləyə əsasən 4 (dörd) ədəd yeni quraşdırılmış, müasir VL-11m6 seriyalı elektrovoz alınıb.

Bu elektrovozlar 2014-cü ildə istehsal edilmiş, çəkisi 184 ton, gücü 5680 kVt, sahə üzrə 3500-4000 tonluq yük qatarını sərbəst daşımağa qadirdir.

Alınmış hər iki növ lokomotivlərdə müasir təhlükəsizlik avadanlıqları quraşdırılmış, lokomotiv briqadalarının işləməsi üçün bütün şərait yaradılmış, kondisioner, soyuducu və mikrodalğalı qızdırıcılarla təchiz edilib.

Yeniləşmə prosesi sürətlə davam edir.

Qeyd edək ki, son vaxtlar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərliyi altında dəmir yolunun lokomotiv parkının yenilənməsi istiqamətində mühüm addımlar atılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti